AMEA-nın Naxçıvan Bölməsində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Azərbaycanlılara qarşı soyqırımı siyasəti: səbəbləri və nəticələri” mövzusunda elmi konfrans keçirilib.
Konfransda giriş sözü ilə çıxış edən Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ermənilərin Azərbaycan torpaqlarına məqsədli şəkildə köçürülməsi, Çar hakimiyyətinin, sonralar Sovet rəhbərliyinin tam dəstəyi ilə dövlət “yaratmaları”, tarixi torpaqlarımıza qarşı davam edən ərazi iddiaları və arzularını gerçəkləşdirmək üçün əl atdıqları insanlıqdan kənar milli qırğın siyasəti barədə danışıb. Xalqımıza qarşı davam edən həmin “siyasət” nəticəsində XX əsrdə 2 milyona yaxın azərbaycanlının soyqırımı və deportasiyaya məruz qaldığını söyləyən İsmayıl Hacıyev bildirib ki, mart soyqımı ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti dövründə qeydə alınan faktlar SSRİ dönəmində planlı olaraq təhrif edilmişdir. Yalnız ümummilli lider Heydər Əliyev imzaladığı 18 dekabr 1997-ci il və 26 mart 1998-ci il tarixli fərmanlar ilə bu cinayətlərə siyasi-hüquqi qiymət vermişdir.
Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirildiyini qeyd edən bölmə rəhbəri tarixi torpaqlarımıza qayıdışla bağlı Prezident İlham Əliyevin qətiyyətli mövqeyindən və Azərbaycanın uğurlu xarici siyasətindən söz açıb.
Akademik çıxışının sonunda xalqımıza qarşı törədilmiş milli qırğın, soyqırımı və deportasiya probleminin araşdırılmasında, eləcə də təbliğində ziyalıların mövqeyinin vacibliyini vurğulayıb.
Konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyevin “XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətləri və onların mahiyyəti”, institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “Ümummilli lider Heydər Əliyev və azərbaycanlıların soyqırımı və deportasiyası məsələsi”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun “Ədəbiyyatımızda soyqırımı mövzusu” və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun kiçik elmi işçisi Nilufər Ağayevanın “1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından deportasiyası və onun acı nəticələri” mövzulu məruzələri dinlənilib.
Məruzələrdə milli qırğın siyasətinin erməni ideologiyasının tərkib hissəsi olmasına, dindən uzaqlaşaraq terrora yönəlmiş erməni kilsəsinin mahiyyətinə diqqət çəkilib, etnik, dini zəmində törədilən soyqırımların yolverilməzliyi vurğulanıb. Azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətinin arxiv sənədləri ilə yanaşı, M.M.Nəvvab və M.S.Ordubadinin əsərlərində də əksini tapması faktı diqqətə çatdırılıb. 1905-1907, 1918-1920-ci illərdə ermənilərin Bakı, Quba, Naxçıvan, Qarabağ, Şamaxı və başqa bölgələrimizdə törətdikləri qırğınların dəhşətli nəticələrindən, Qaradağlı və Xocalıda eyni ssenari əsasında həyata keçirilən soyqırımlardan söz açılıb. Diqqətə çatdırılıb ki, təkcə 1918-1920-ci illər ərzində Azərbaycanın şimalında və cənubunda 300 mindən artıq soydaşımız qətlə yetirilmişdir. Hüquq normalarına zidd olan qərarlara əsasən azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası xalqımızın milli təfəkküründə silinməz izlər buraxmışdır.
Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlərə Ulu öndər Heydər Əliyev tərəfindən hüquqi qiymət verildiyi, məhz dahi liderin təşəbbüsü ilə məsələ ilə bağlı tədqiqatların genişləndirildiyi, soyqırımı və deportasiya faktının dünya ictimaiyyətinə bəyan olunduğu bildirilib.
Konfransda həmçinin Aşıq Ələgər, C.Cabbarlı, H.Cavid, Ə.Münzib, S.Mümtaz, M.Əsəd bəy, M.Mirələmov, Ə.Abbasov, M.Süleymanov, S.Mənsur, F.Fərəcov, G.Məmmədova və başqalarının əsərlərində erməni cinayətlərinin ifşası məsələsi şərh olunub, əsərlərdə təsvir olunan erməni qəddarlığına diqqət çəkilib.
Sonda çıxış edən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev mövzu ilə bağlı fikirlərini bildirib, məruzələr ətrafında müzakirə aparılıb.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib