AMEA Naxçıvan Bölməsi

AMEA Naxçıvan Bölməsində Elm Günü qeyd olunub


27.03.2023 / 17:41Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində Elm Gününə həsr olunmuş tədbir keçirilib.

Bölmənin bir qrup əməkdaşı əvvəlcə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Heydər Əliyev Muzeyini ziyarət edən kollektiv üzvləri dahi rəhbərin həyatı və ictimai-siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Daha sonra AMEA-nın Naxçıvan Bölməsində nəşr olunmuş əsərlərdən ibarət sərgiyə baxış olub.

Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə martın 27-si Azərbaycanda Elm Günü kimi təsis olunmuşdur. Bu əlamətdar günün Azərbaycan Milli Elmlər Akademiyasının yarandığı günə təsadüf etməsi ölkəmizdə elmin inkişafına, elm adamlarına göstərilən diqqət və qayğının təzahürüdür.

Elmin cəmiyyətin inkişafındakı mühüm rolundan danışan akademik ölkəmizdə ötən əsrin 20-ci illərində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasından başlayaraq günümüzədək elmin keçdiyi inkişaf yolu barədə yığcam məlumat verib, AMEA-nın 78 illik fəaliyyəti dövründə elmimizə verdiyi töhfələrdən danışıb. Diqqətə çatdırılıb ki, akademiyanın inkişafının ən əlamətdar dövrü məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir.

Ulu öndərin ölkəyə rəhbərliyinin birinci dövründə elm sahəsində qazanılan nailiyyətləri xatırladan İsmayıl Hacıyev ötən əsrin 70-80-ci illərində Azərbaycanda elmin inkişafı istiqamətində görülən məqsədyönlü işlərdən bəhs edib. Vurğulanıb ki, elmin inkişafına dövlət qayğısı Ümummilli liderin ölkəyə rəhbərliyinin ikinci dövründə də davam edib. AMEA-nın Naxçıvan Bölməsi yaradılması da həmin dövrə təsadüf edir. Bölmənin yaradılması Naxçıvanın tarixinin, arxeologiyasının, etnoqrafiyasının, folklorunun, onomastikasının, ədəbi mühitinin, mədəniyyətinin, biomüxtəlifliyinin, təbii ehtiyatlarının, nadir əlyazmaların öyrənilməsi məqsədi daşımış, ötən dövr ərzində uğurlu elmi nəticələr əldə olunmuş, 11 minə yaxın elmi əsər ərsəyə gəlmişdir.

Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə elmə göstərilən dövlət qayğısının davam etdirildiyini qeyd edən akademik Prezident İlham Əliyevin 28 iyul 2022-ci il tarixli Fərmanının elmin inkişafı üçün vəd etdiyi gələcək perspektivlərdən söz açıb.

Çıxışının sonunda İsmayıl Hacıyev bölmə əməkdaşlarının timsalında elmə töhfə verən alim və tədqiqatçıları bu əlamətdar gün münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli “Naxçıvanda tarix elminin inkişafında AMEA Naxçıvan Bölməsinin rolu”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Naxçıvanda humanitar elmlərin inkişafında AMEA Naxçıvan Bölməsinin rolu”, Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov “Əlyazmalar Fondunun yaranması və inkişaf yolu”, Bölmənin Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaranması və fəaliyyəti” mövzusunda çıxışlar ediblər.

Çıxışlarda Naxçıvan Bölməsinin tərkibində fəaliyyət göstərən üç elmi-tədqiqat müəssisəsinin fəaliyyəti əhatəli təhlil olunub, əldə olunan elmi nailiyyətlər diqqətə çatdırılıb. Naxçıvan Bölməsində həyata keçirilən kadr hazırlığı, beynəlxalq aləmə inteqrasiya, aparılan beynəlxalq və respublika əhəmiyyətli arxeoloji ekspedisiyalar və başqa mühüm mələlələrə nəzər salınıb. Bölmə alimlərinin aldığı patentlərdən, qalib olduqları qrant layihələrdən, ölkənin və dünyanın elm və ali təhsil müəssisələri ilə yaradılan beynəlxalq əməkdaşlıqdan söz açılıb.