AMEA-nın Naxçıvan Bölməsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı ilə birgə “Azərbaycan milli teatrı – 150” və “Naxçıvan teatrı – 140” mövzularında elmi konfrans keçirilib.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə baş tutan konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” 3 fevral 2023-cü il tarixli Sərəncamını xatırladan akademik Azərbaycan teatrının təşəkkül tarixinə qısa nəzər salıb. Teatrın xalqın maarifləndirilməsində, mədəni səviyyənin inkişafında, milli düşüncənin təşəkkülündə xüsusi rolundan bəhs edən Bölmə rəhbəri söyləyib ki, XIX əsrin II yarısından başlayaraq Şuşada, Bakıda, Lənkəranda, Naxçıvanda və ölkənin başqa bölgələrində xalq teatr tamaşaları nümayiş olunmuşdur. Məhz bu səbəbdəndir ki, həmin dövrdən başlayaraq Azərbaycan ziyalıları dram əsərlərinin səhnələşdirilməsinə, bütövlükdə ölkədə mədəniyyətin teatr adlı zəngin məktəbinin formalaşmasına xüsusi diqqət göstərmişlər. 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəzirinin sərgüzəştləri” komediyasının səhnəyə qoyulması Azərbaycan teatrı üçün əlamətdar hadisə kimi tarixə düşmüşdür.
Akademik vurğulayıb ki, teatr sənəti təkcə aktyorluq bacarığı ilə məhdudlaşmır, o həm də yüksək bədii gücə malik dram əsərlərinin, musiqi, rəssamlıq, səhnə tərtibatı kimi ustalıq tələb edən sənətlərin vəhdətidir. Naxçıvan teatrı da öz növbəsində 140 illik fəaliyyəti dövründə sənət aləminə peşəkarlar yetirməyi bacarmışdır.
Konfrans öz işini məruzələrin dinlənilməsi ilə davam etdirib.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov konfransda “Azərbaycan milli teatrının təşəkkülü, formalaşması və inkişafı” mövzusunda məruzə edib. Məruzədə teatrımızın yaranması və keçdiyi keşməkeşli inkişaf tarixinə nəzər salınıb. Diqqətə çatdırılıb ki, XIX əsrdən günümüzədək yüzlərlə mədəni simalar, aktyorlar, teatr xadimləri bəxş etmiş Azərbaycan teatrı və onun bir qolu kimi inkişaf edən Naxçıvan teatrı öz inkişafını dövlət qayğısı ilə davam etdirir.
Məruzəçi milli teatrımızın inkişaf tarixini dövrlər üzrə təhlil edib, ötən əsrin 20-ci illərindən başlayaraq teatr sahəsində baş verən dəyişikliklər, Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər iki dövründə milli teatrın formalaşmasına göstərilən dəstək və qayğıdan bəhs edib. Teatrımıza “akademik”, “dövlət”, “milli” statuslarının verilməsindən, Azərbaycan teatrının 150, Naxçıvan teatrının 140 illik yubileyləri ərəfəsində teatr sahəsində əldə olunan nailiyyətlərdən söz açıb.
Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev “Naxçıvan Dövlət Milli Dram Teatrı bu gün” adlı məruzəsində teatrın müasir inkişafından danışıb. Məruzəçi ötən ilin aprel ayında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusunun verilməsini Naxçıvanın teatr tarixində əlamətdar hadisə kimi qiymətləndirib. Natiq ulu öndər Heydər Əliyevin Naxçıvan teatrı barədə fikirlərindən sitat gətirib. Teatrda milli dramaturgiya nümunələri ilə yanaşı, dünya ədəbiyyatından seçilən əsərlərin də tamaşaya qoyulduğunu qeyd edən aktyor yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək əsərlər barədə məlumat verib.
“Naxçıvan teatrının keçdiyi şərəfli inkişaf yolu” mövzusunda məruzə edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanov Naxçıvan teatrının inkişafında E.Sultanov, P.Sultanov, Q.Şərifov, M.Kəngərli, M.Bəktaşi və başqa maarifpərvər ziyalıların xidmətlərindən, müxtəlif vaxtlarda tamaşaya qoyulan əsərlərdən, rolları ifa edən aktyorlardan bəhs edib.
Müstəqillik illərində Naxçıvan teatrının əldə etdiyi uğurları şərh edən alim bildirib ki, teatrın milli dramaturgiyanın klassik nümunələrinə geniş yer verməsi Azərbaycançılıq ideyasının yayılmasına, milli-mənəvi dəyərlərin təbliğinə xidmətin nümunəsidir.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib