AMEA Naxçıvan Bölməsi

Beynəlxalq Qadınlar Günü qeyd olunub


06.03.2023 / 16:32Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsinin təşkilatçılığı, bölmənin Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan qadınının cəmiyyətimizdəki rolundan, AMEA-da qadınların elmin inkişafına bəxş etdiyi töhfələrdən danışıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan qadını haqqında fikirlərinə diqqət çəkən bölmə rəhbəri bu gün zərif cinsin nümayəndələrinin ölkədə gedən ictimai, siyasi və mədəni proseslərdə, həyatın bütün sahələrində uğurla təmsil olunduğunu bildirib.

İsmayıl Hacıyev çıxışının sonunda bölmənin qadın kollektivini təbrik edib, onlara xoş arzularını çatdırıb.

Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova tədbirdə “Mübariz ruhlu Azərbaycan qadınları” mövzusunda məruzə edib.

Məruzəçi “Kitabi-Dədə Qorqud” dastanındakı bəzi qadın obrazlarının, Mömünə xatun, Sara xatun, Nigar, Həcər, X.Natəvan, H.Cavanşir kimi qeyrətli xanımlarımızı xatırladaraq Azərbaycan qadınının obrazlı portretini yaradıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında bu gün Azərbaycan qadınının cəmiyyətdəki mövqeyindən söz açan Aytən Cəfərova zəngin mənəvi keyfiyyətlərə sahib qadınların cəmiyyətin, eləcə də həyatın müxtəlif sahələrinin inkişafındakı rolundan, daşıdıqları mühüm vəzifələrdən danışıb.

Tədqiqatçı Qarabağ müharibələri zamanı şəhid olmuş qadınlarımızın mərdliyindən, şəhid analarının, şəhid xanımlarının mətanətindən danışıb, ulu öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi fikirlərdən sitatlar gətirib. O, qadın obrazının bədii ədəbiyyatda, poetik nümunələrdə əksi məsələsinə diqqət çəkib.

Sonda çıxış edən Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov qadın adını şərəflə daşıyan bütün xanımları əlamətdar gün münasibətilə təbrik edib, ürək sözlərini bildirib.