AMEA Naxçıvan Bölməsi

Naxçıvan Bölməsinin Rəyasət Heyəti yeni qərarlar qəbul edib


28.02.2023 / 16:53Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yığıncaq iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

Qardaş Türkiyə Cümhuriyyətində fevral ayının 6-da və sonrakı günlərdə baş vermiş zəlzələlər nəticəsində 44 374 nəfər insanın həyatını itirdiyini, çoxsaylı yaralıların olduğunu diqqətə çatdıran bölmə rəhbəri qeyd edib bu müddət ərzində Azərbaycan dövləti, Azərbaycan xalqı türk qardaşlarına dəstək olmuş, əlindən gələni əsirgəməmişdir.

Naxçıvan Təbii Ehtiyatlar İnstitutunun Seysmoloji xidmət şöbəsinin müdiri İlkin Vəlibəyov iclasda “Türkiyə Respublikasında baş vermiş zəlzələlər və regionun seysmik rejimi” mövzusunda elmi məruzə edib. Baş vermiş zəlzələlərin mahiyyətinin anlaşılması, eləcə də başqa sahələr üzrə ixtisaslaşmış elm adamlarının ölkəmizin seysmikliyi ilə bağlı daha dərindən məlumatlandırılması məqsədi daşıyan məruzədə İlkin Vəlibəyov Sakit okean və Alp-Himalay seysmik qurşaqları, fay xətləri, zəlzələlələrin baş vermə səbəbləri barədə ətraflı məlumat verib. Türkiyədə baş verən zəlzələlər nəticəsində litosfer tavalarında baş verən yerdəyişmələr məruzənin aparıcı mövzusu olub.

Tədqiqatçı slayd vasitəsilə müxtəlif illərdə tərtib olunan seysmoloji xəritələri nümayiş etdirərək ölkəmizin əsas seysmik zonaları barədə də iclas iştirakçılarını məlumatlandırıb, maraqlı təhlillər aparıb.

İclasda Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağına, həmçinin  AMEA-nın Naxçıvan Bölməsində 2023-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfranslara hazırlığın vəziyyəti müzakirə olunub, diqqət yetirilməli məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Akademik İsmayıl Hacıyev qeyd edib ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev ideyaları və müasir dövr” mövzusunda respublika elmi konfransının keçirilməsi, “Elmi əsərlər” jurnalının xüsusi nömrəsinin ulu öndər Heydər Əliyevə həsr olunması, “Heydər Əliyev. Taleyi və siyasi fəaliyyəti” kitabının nəşri nəzərdə tutulub. Bölmə sədri vurğulayıb ki, Naxçıvan Bölməsində təşkil olunacaq respublika elmi konfransından əlavə bölmənin elmi-tədqiqat institutları da ayrı-ayrılıqda elmi konfranslar keçirməlidirlər.

Daha sonra Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi seçilərək təsdiq edilib. Rəyasət Heyəti gündəlikdəki digər məsələləri müzakirə edib, müvafiq qərarlar qəbul edib.