AMEA Naxçıvan Bölməsi

Xocalı soyqırımının ildönümünə həsr olunmuş elmi konfrans olub


24.02.2023 / 17:08Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində “Xocalı soyqırımı: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik çıxışı zamanı XIX əsrdən başlayaraq Azərbaycan torpaqlarına ermənilərin məqsədli şəkildə köçürülməsindən, onların tarixi torpaqlarımız hesabına öz “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək cəhdlərindən, bu məqsədlə xalqımıza qarşı törətdikləri kütləvi qırğınlardan və soyqırımlardan danışıb. Vurğulanıb ki, ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas qayəsi İrəvan, Naxçıvan, Qarabağ kimi əzəli Azərbaycan torpaqlarına yiyələnmək, “öz arzularına” bir addım da yaxınlaşmaq olmuşdur. Zəngəzur bölgəsinin Azərbaycandan qoparılması ilə Naxçıvanın ölkənin əsas hissəsindən ayrı düşdüyünü dilə gətirən bölmə rəhbəri qeyd edib ki, Azərbaycanın tarixi əraziləri ilə bağlı imzalanan heç bir müqavilədə ermənilərin adı çəkilmir. Təkcə bu fakt deməyə əsas  verir ki, ermənilərin Azərbaycan torpaqlarında heç bir “qədim tarixi” ola bilməz.

Soyqırımı nəticəsində çoxminlik əhalisi olan Xocalı şəhərinin yox edildiyini söyləyən akademik bildirib ki, Xocalı faciəsinə ilk hüquqi-siyasi qiyməti Ümummilli lider  Heydər Əliyev vermişdir. Məhz bu müdrik addımın, eləcə də Heydər Əliyev siyasi xəttinin layiqli davamının nəticəsidir ki, bu gün Xocalı soyqırımı dünyanın 20-ə yaxın ölkəsi, ABŞ-nin 24 ştatı tərəfindən tanınır.

Konfrans öz işinə məruzələrin dinlənilməsi ilə davam edib.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Xocalı faciəsi ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Xocalı faciəsi – insanlığa qarşı törədilmiş cinayət” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Xocalı faciəsi bədii ədəbiyyatda” mövzusunda məruzə ediblər.

Məruzələrdə Qaradağlı və Xocalı soyqırımları ərəfəsində ölkədə mövcud olan ictimai-siyasi vəziyyətdən, mühüm strateji mövqeyə malik Xocalı şəhərinin blokadaya salınmasından, soyqırımının baş vermə səbəblərindən, ölkə rəhbərliyinin Xocalıdakı faciəni gizlətmək cəhdlərindən bəhs olunub.

1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza qarşı törədilən kütləvi qırğın və soyqırımı siyasəti, Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsi, erməni millətçilərinin Azərbaycan xalqına qarşı ağlasığmaz cinayətləri məruzələrdə ətraflı şərh olunub. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində müzəffər ordumuz ermənilərin törətdikləri cinayətlərin qisasını hərb meydanında almışdır.

Konfransda həmçinin Qarabağ, Xocalı mövzusunun ədəbiyyatda inikası məsələsinə diqqət çəkilib. N.Kəsəmənli, Ş.Ağayar, Ə.Əsgəroğlu, Ş.Sadiq, E.Elatlı, A.Yadigar, Q.Qərib, E.Yurdoğlu kimi şair və yazıçıların, habelə soyqırımı şahidlərinin əsərlərində faciənin ağlasığmaz dəhşətlərinin əks olunduğundan və bu əsərlərin həqiqətlərin gələcək nəsillərə çatdırılmasındakı rolundan danışılıb.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Xocalı soyqırımın təbliği məsələsi, Qarabağ mövzusunda yazılan kitablar, bədii ədəbiyyat nümunələrinin təsir dairəsi və diqqət edilməli nüanslarla bağlı fikir mübadiləsi aparılıb.