AMEA Naxçıvan Bölməsi

Humanitar yardım kampaniyası davam edir


16.02.2023 / 17:23Tədbirlər



Qardaş Türkiyə Respublikasında 2023-cü ilin fevral ayının 6-sı və 7-də baş verən şiddətli zəlzələ və davam edən təkanlar nəticəsində çoxsaylı insan təlafatı, eləcə də xəsarət alanların, zərərçəkənlərin olması bu təbiət hadisəsinə “Əsrin fəlakəti” adını qazandırmışdır.

Müxtəlif dövrlərdə Azərbaycan-Türkiyə qardaşlığı hər zaman dünyaya nümunə olacaq şəkildə təzahür etmiş, dosta sevinc, düşmənə gözdağı olmuşdur. İstər milli zəmində, istərsə də siyasət meydanında daim bir-birinin yanında olan iki qardaş ölkə arasındakı bağlılıq Türkiyədə baş verən təbii fəlakətdən sonra daha aydın şəkildə görünmüşdür.

Təkcə dövlət səviyyəsində deyil, Azərbaycan xalqının könüllü şəkildə türk xalqına yardım etməyə çalışması, əlindəki bütün imkanları səfərbər etməsi bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə arasındakı münasibətlərdə yeni bir mərhələdir. Uşaqdan böyüyə hər kəsin səfərbər olduğu kampaniyada toplanan yardımlar zəlzələdə yaxınlarını itirmiş, yuvası başına uçmuş türk qardaş-bacılarımızın dərdinə şərik olmaq, onların ehtiyaclarının müəyyən bir qismini qarşılamaq məqsədi daşıyır.

Bu müddət ərzində AMEA-nın Naxçıvan Bölməsinin kollektivi də keçirilən yardım kampaniyasında qardaş ölkənin yanında olmağa çalışmışdır.

Fevral ayının 7-də AMEA Naxçıvan  Bölməsinin sədri, akademik İsmayıl  Hacıyev, Bölmənin elmi-tədqiqat müəssisələrinin baş direktorları, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya elmləri doktoru Fərman Xəlilov Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğunu ziyarət etmiş, qardaşlarımızın ürək yanğısına şərik olmuşlar. Elm adamları baş verən dəhşətli zəlzələ nəticəsində həyatını itirən insanlara görə Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kayaya başsağlığı vermiş, matəm kitabına ürək sözlərini yazmışlar.

Naxçıvan Bölmənin kollektivi müxtəlif növ isti geyimlər, yataq dəstləri, ehtiyac duyulan bəzi ləvazimatlar, habelə maddi vəsait olmaqla zəlzələdən zərərçəkənlər üçün humanitar yardıma dəstək göstərmişdir. Lakin kollektivimiz göstərilən bu yardımlarla kifayətlənmir. AMEA-nın Naxçıvan Bölməsində yardım kampaniyası hazırda da davam etməkdədir.