AMEA Naxçıvan Bölməsi

İslam Səfərlinin 100 illiyi münasibətilə elmi konfrans olub


10.02.2023 / 17:31Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Nəğməkar şair İslam Səfərli - 100” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə qardaş Türkiyə Respublikasında baş verən zəlzələdə həyatını itirən fəlakət qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransı giriş sözü ilə açaraq söyləyib ki, Əməkdar incəsənət xadimi, şair-dramaturq, tərcüməçi İslam Səfərlinin anadan olmasının 100 illiyi münasibətilə ölkə səviyyəsində müxtəlif tədbirlər keçirilmişdir. Keçirilən elmi konfrans İslam Səfərli yaradıcılığının müxtəlif aspektlərdən təhlili məqsədi daşıyır. Akademik çıxışı zamanı İslam Səfərli irsinin az tədqiq olunmasından və bu istiqamətdə əsaslı araşdırmaların aparılmasının labüdlüyündən söz açıb.

Bölmə rəhbəri İslam Səfərlinin poeziyası, dramaturgiyası barədə fikirlərini konfrans iştirakçıları ilə bölüşüb, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən hazırlanan “Taleyi və sənəti” seriyasının növbəti nəşrlərindən birinin İslam Səfərli yaradıcılığına həsr olunmasını təklif edib.

Daha sonra konfrans məruzələrin dinlənilməsi ilə davam edib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev konfransda “Nəğməkar şair ömrünün töhfələri” mövzusunda məruzə edib. Məruzəsində İslam Səfərlinin keçdiyi həyat yolu haqqında ətraflı məlumat verən professor bildirib ki, İslam Səfərli ədəbi yaradıcılığa 17 yaşında başlamış, 1941-ci ildə müharibə başlayanda könüllü olaraq cəbhəyə yollanmışdır. O, 416-cı Taqanroq diviziyasının tərkibində Berlinə qədər şanlı döyüş yolu keçmişdir. Müharibənin onun yaradıcılığına böyük təsiri olmuş, bir-birindən maraqlı poeziya nümunələri ərsəyə gəlmişdir.

“İslam Səfərlinin bədii obrazlılığı ilə seçilən poeziyası bitkin bir vətənpərvərlik nümunəsidir”, -deyən Əbülfəz Quliyev qeyd edib ki, şairin yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. Onun “Naxçıvan”, “Payız meşəsi”, “İki küçə, iki ad”, “Batabat bulağı” və başqa şeirləri doğma yurdun təbiətini təbii lövhələrlə əks etdirən nümunələrdir. Diqqətə çatdırılıb ki, 200-dən artıq şeirinə musiqi bəstələnməsi İ.Səfərlini nəğməkar şair kimi tanıtmışdır. Sözlərinin müəllifi olduğu “Bakı, sabahın xeyir”, “Ana”, “Bir könül sındırmışam”, “Pıçıldaşan ləpələr” və sair mahnılar bu gün də sevilə-sevilə dinlənilir.

“İslam Səfərli yaradıcılığında folklor” mövzusunda məruzə edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov bildirib ki, İslam Səfərli yaradıcılığında şifahi xalq ədəbiyyatının əksər janrları ahəngdarlıq yaradır. Belə ki, gündəlik danışığımızda işlətdiyimiz bir çox atalar sözləri, məsəllər, qısa, ibrətamiz rəvayət və hekayətlər şairin əsərlərində poetik bir müstəvidə oxucuya təqdim olunur. İslam Səfərli yaradıcılığında xalq şeir formalarına bənzərlik, şairin ustalığı, xalq dilinə yaxınlıq onun poeziyasının sevilməsinin əsas meyarlarındandır.

“Ordubad rayonunun Unus kəndi ərazisindəki Gəlindaşla bağlı əfsanə, Qız qala, Oğlan qala əfsanəsi, Xaraba Gilan şəhəri haqqında yayılmış əfsanələr şairin şeirlərində poeziyanın mövzusu kimi diqqəti çəkir”, - söyləyən alim bədii nümunələr əsasında təhlillər aparıb.

İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov konfransda “Könül nəğməsi Azərbaycan himni olan sənətkar” mövzusunda etdiyi məruzədə İslam Səfərli poeziyasının axıcılığı, təsirliliyi, xalq dilinə yaxınlığı kimi özünəməxsus keyfiyyətlərindən danışıb. Tədqiqatçı vurğulayıb ki, İslam Səfərli yaradıcılığı özünün mövzu, məzmun və sənətkarlıq xüsusiyyətləri görə xüsusi əhəmiyyətə malikdir. Şair müxtəlif məzmunlu şeirlərində özünəməxsus yol seçərək vətən gözəlliklərini, xalq adət-ənənələrini, milli dəyərlərini və sair tanıtmağı və təbliğini üslub kimi ortaya qoyur. Onun geniş və zəngin yaradıcılığı “Ana - vətən”, “laylay - dil” vəhdətində Azərbaycanı təqdim edir, onun zəngin mənəviyyat və əxlaq ucalığını göstərir.

İnstitutun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov konfransda “İslam Səfərli pyesləri Azərbaycan səhnəsində” başlıqlı məruzə edərək istedadlı dramaturqun yaradıcılığı, səhnələşdirilən pyesləri, əsərlərinin süjet xətti, tamaşaların yaradıcı heyəti və tamaşalar haqqında mətbuatda dərc olunan yazılar barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasındakı “Xeyir və Şər”in motivləri əsasında yazdığı eyniadlı beşpərdəli mənzum dram əsəri ilə dramaturgiyaya qədəm qoyan İslam Səfərli sonralar “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcında” kimi pyeslər yazmış,  həmin əsərlər uzun müddət Bakı və Naxçıvan səhnələrində müvəffəqiyyətlə nümayiş etdirilmiş, geniş əks-səda doğurmuşdur. “Göz həkimi” pyesi əsasında eyniadlı film-tamaşa çəkilmişdir.

İslam Səfərlinin “Yadigar”, “Dar ağacı”, “Dədəgünəş əfsanəsi”, “Qış sarsıntısı”, “Qayın arvadı-xayın arvadı”kimi pyesləri ötən əsrin 60-70-ci illərində müxtəlif xalq teatrlarının, dram dərnəklərinin səhnəsin­də oynanılmış, onların əsasında peşəkar aktyorların iştirakı ilə Bakıda və Naxçıvanda radio-tamaşalar hazırlanmışdır.