AMEA Naxçıvan Bölməsi

Kəmalə: taleyi və sənəti kitabının təqdimatı keçirilib


27.01.2023 / 17:46Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində “Kəmalə: taleyi və sənəti” kitabının təqdimatı keçirilib.

Tədbiri açan İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev diqqətə çatdırıb ki, 2021-ci ildə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli şairə-dramaturq, pedaqoq, tərcüməçi, publisist, Əməkdar incəsənət xadimi Kəmalə Ağayevanın anadan olmasının 85-ci ildönümü münasibətilə elmi konfrans keçirilmişdir. İnstitutun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən nəşrə hazırlanan “Kəmalə: taleyi və sənəti” kitabı isə şairənin ədəbi irsinin təbliğinə və öyrənilməsinə növbəti töhfədir.

Təqdimat mərasimində “Şairə Kəmalənin bədii irsinin öyrənilməsində yeni səhifə” başlıqlı məruzə edən professor Əbülfəz Quliyev qeyd edib ki, “Taleyi və sənəti” seriyasından kitablar AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə nəşrə başlamışdır. Təqdimatı keçirilən yeni kitab da bu seriyanın sayca 16-cı kitabıdır.

Məruzəçi şairə Kəmalənin həyatı, əmək fəaliyyəti və çoxşaxəli bədii yaradıcılığı haqqında əhatəli məlumat verib. Vurğulanıb ki, “Taleyi və sənəti” seriyasının əvvəlki nəşrlərində olduğu kimi, yeni kitabda da dəyərli tədqiqat mövzularından ibarət məqalələr yer almışdır. Kitab Naxçıvan yaradıcılıq məktəbinin tanınmış nümayəndəsi Kəmalənin həyatı, yaradıcılığı, tərcüməçilik, publisistik, pedaqoji və ictimai fəaliyyəti haqqında ətraflı məlumat qaynağıdır.

Kitab filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun tərtibçiliyi, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin rəyi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun elmi məsləhətçiliyi və  sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, şairənin oğlu Ələkbər Qasımovun elmi redaktorluğu əsasında ərsəyə gəlmiş, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatda çap edilmişdir.

İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov təqdimat mərasimində “Şairə-dramaturq Kəmalə haqqında qiymətli əsər” mövzusunda məruzə edib.

Məruzə zamanı rəhbərlik etdiyi şöbənin 2022-ci il üzrə fəaliyyətinə nəzər salan tədqiqatçı  bildirib ki, şöbə əməkdaşları ədəbi mühitin tədqiqi istiqamətində bir neçə ümumiləşdirici əsər ortaya qoymuşlar. “Müzəffər Nəsirli: taleyi və sənəti”, “Naxçıvanda ədəbi proses - 2021”, “Kəmalə: taleyi və sənəti” kitabları Naxçıvanda ədəbi mühitin, ədəbi prosesin və onun görkəmli nümayəndələrinin öyrənilməsinə xidmət edən əsərlərdir.

“Kitaba müasir Azərbaycan ədəbiyyatının sevilən nümayəndəsi Kəmalə xanıma həsr olunmuş elmi məqalələr daxil edilmişdir. Məqalələrdə Kəmalə xanımın zəngin və çoxcəhətli bədii yaradıcılığının müxtəlif istiqamətləri təhlil və tədqiq edilmiş, qiymətli elmi nəticələr ortaya qoyulmuşdur. Bu mənada demək olar ki, kitab müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Kəmalə Ağayevadan bəhs edən çox tutarlı, ümumiləşmiş qiymətli əsərlərdən biridir”, -söyləyən Ramiz Qasımov kitabı müfəssəl şəkildə təhlil edib.

Qeyd olunub ki, kitab AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “16-cı kitabımız” adlı ön sözü ilə başlayır. Daha sonra şairə-dramaturq Kəmalə xanımın həyatı, fəaliyyəti, yaradıcılığı, mükafatları, səfərləri və s. haqqında ətraflı məlumatların yer aldığı “Elmi redaktordan” adlanan oçerk təqdim edilmişdir. Sənətkarın özünün qələmə aldığı “Nağıllarla başlayan səhnə sevgim” adlı məqalədə Kəmalənin dramaturji yaradıcılığa gəlişinə dair maraqlı etiraf və fikirləri yer alıb.

Kitabdakı ilk məqalə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Zəriflik və müdriklik nümunəsi” başlıqlı məqaləsidir. Akademik burada şairəni XX əsr Azərbaycan ədəbiyyatının çox sevilən və görkəmli sənətkarlarından biri kimi xarakterizə etmişdir. Habelə yazıçı-dramaturq Adil Babayevin “Məhsəti”, filologiya elmləri doktoru Fərman Xəlilovun “İsmət” pyesinin ilk tamaşası” adlı resenziyaları, dosent Ramiz Qasımovun “Ədəbi yaddaşın kamala yetən Kəmaləsi”, dosent Elxan Yurdoğlunun “Kəmalə şeirlərində Naxçıvan obrazı”, dosent Aytən Cəfərovanın “Kəmalə yaradıcılığında qadın mövzusu” kimi 15 məqalədə Kəmalə xanımın həyatı, yaradıcılığı, yaradıcılığının ümumi, ideya-bədii, estetik xüsusiyyətləri, sənətkarlığı, obrazlar aləmi, üslubu, poeziyasının musiqidəki təcəssümü, pyesləri və tərcüməçilik fəaliyyəti elmi cəhətdən tədqiq, təhlil və şərh olunmuşdur. Şairənin uşaqlar üçün yazdığı əsərlərinin, habelə əfsanə və nağıllarımızın motivləri əsasında yaratdığı pyeslərin ədəbiyyatımızdakı əhəmiyyətli rolundan bəhs edilmiş, onun zəngin, obrazlı yaradıcılıq dilinə sahib üslubi məharəti, poetik ustalığı barədə təhlillər aparılmışdır. Məqalələrdə şairənin nəğməyə çevrilmiş incə ruhlu poeziyası, dünya ədəbiyyatından dilimizə tərcümə etdiyi əsərlər araşdırılmışdır.

Kitabın sonunda müəllifin zəngin və səmərəli həyatından fotolar oxuculara təqdim olunmuş, yaradacılığına həsr olunmuş şeirlərdən nümunələr verilmişdir.

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov tədbirdə çıxış ediblər. Fərman Xəlilov çıxışında Kəmalə Ağayevanın teatr fəaliyyəti, habelə şairənin Əlyazmalar Fondunda qorunan şəxsi arxivi barədə danışıb. Şairənin oğlu Ələkbər Qasımov çıxış edərək Kəmalə yaradıcılığına, onun ədəbi irsinə göstərilən diqqətə görə tədbir iştirakçılarına və təşkilatçılara minnətdarlıq edib.