AMEA Naxçıvan Bölməsi

20 Yanvar faciəsi şəhidlərinin xatirəsi yad edilib


19.01.2023 / 17:40Tədbirlər



AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsi ilə əlaqədar “20 Yanvar: xalqımızın qəhrəmanlıq salnaməsi” adlı elmi konfrans olub. Əvvəlcə 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli giriş sözü ilə açaraq bildirib ki, XX yüzillik Azərbaycan xalqının taleyinə, tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımılarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, eləcə də milli oyanış və özünüdərk əsri kimi də daxil olub. 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu Zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb.
Çıxışda 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsinin məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasından ətraflı bəhs edilib. Vurğulanıb ki, Ulu Öndər bu faciəni tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirib, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəldib, müstəqilliyimizin banisi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirib.
Sonra bölmənin əməkdaşları Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın, institutun şöbə müdiri, dosent Toğrul Xəlilovun, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Aygün Orucovanın çıxışları olub. Çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə keçmiş sovet ordusunun insanlığa sığmayan faciə törətməsindən, dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən söhbət açıblar.