AMEA Naxçıvan Bölməsi

Yubiley tədbiri keçirilib


30.12.2022 / 17:16Tədbirlər



Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məhbub Kazımovun anadan olmasının 75 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yubilyarın həyat və fəaliyyətinə nəzər salıb, Məhbub Kazımovun tədqiqatçılıq keyfiyyətlərindən danışıb.

Çıxışının sonunda yubilyara xoş diləklərini çatdıran akademik İsmayıl Hacıyev çoxillik səmərəli fəaliyyəti və 75 illik yubileyi münasibətilə Məhbub Kazımova AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanını təqdim edib.

Təbii Ehtiyatlar İnstitutunun laboratorya rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyev təbdirdə “Texnika üzrə fəlsəfə doktoru Məhbub Kazımovun həyatı və elmi fəaliyyəti” adlı məruzə edib.

Məruzəçi bildirib ki, Məhbub Həşim oğlu Kazımov 31 dekabr 1947-ci ildə Culfa rayonunun Kırna kəndində ziyalı ailəsində anadan olmuşdur. 1953-1963-cü illərdə Naxçıvan şəhər 5 №-li orta məktəbdə təhsil almışdır. Məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun “Avtomatlaşdırma və telemexanika” fakültəsinə daxil olmuş, 1969-cu ildə həmin institutu mühəndis-elektrik ixtisası üzrə bitirmişdir. 1964-cü ildən əmək fəaliyyətinə başlamış, zavodda çilingər (1964-1966), “Dənizneftlayihə” ETİ-də (1966-1973) əvvəlcə texnik, sonra isə mühəndis vəzifələrində işləmişdir. 1974-cü ildən Qazaxıstana köçmüş, Yermak şəhərində Dövlət İstilik Elektrik stansiyasında mühəndis kimi fəaliyyətə başlamış,  sonralar Yermak ferrosplav zavodunda Nəzarət - ölçü cihazları şöbəsinin müdiri, Yermak rayon icraiyyə komitəsində, sonra isə Pavlodar vilayət icraiyyə komitəsi nəzdində Texniki nəzarət idarəsinin rəisi vəzifələrində işləmişdir. 1986-cı ildən Azərbaycana qayıdaraq Kosmik Tədqiqatlar EİB-nin Naxçıvan “Araz” EİK-nin direktoru vəzifəsində işləmişdir. Sonralar Moskva Dəqiq Cihazlar EİB-nin Naxçıvan cihazqayırma zavodunun baş direktoru, SSRİ dağıldıqdan sonra zavodun Rusiya-İran-Azərbaycan müştərək müəssisəsində müəssisənin baş direktoru olmuşdur.

Məhbub Kazımov 2004-cü ildən AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasında elmi işçi vəzifəsində fəaliyyətini davam etdirir. 2016-cı ildə “Naxçıvan Muxtar Respublikasının alternativ enerji ehtiyatlarının öyrənilməsi və onlardan istifadə üsulları” mövzusunda dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2021-ci ildə dosent elmi adı almışdır. 100-ə yaxın elmi əsərin müəllifidir, hazırda bu istiqamətdə tədqiqat işlərini davam etdirir.

Məhbub Kazımov 2017-ci ildə 70 illiyi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” medalı ilə təltif edilmişdir.

Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev tədbirdə çıxış edib. Məhbub Kazımovun İnstitutdakı səmərəli fəaliyyətindən, Naxçıvan Muxtar Respublikasında alternativ enerji mənbələrinin öyrənilməsindəki xidmətlərindən söz açıb, onu peşəkar və zəhmətkeş tədqiqatçı kimi xarakterizə edib.

Sonda çıxış edən yubilyar tədbirin təşkilinə görə təşəkkür edib, azərbaycanlı olmaqdan böyük şərəf duyduğunu bildirib.