AMEA-nın Naxçıvan Bölməsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Bölmə rəhbəri söyləyib ki, 16 dekabr 1991-ci ildə Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qəbul etdiyi qərar milli birliyə, həmrəyliyə gedən yolda mühüm tarixi addım idi.
Həmrəyliyimizin əsası - Azərbaycançılıq ideologiyasının önəmindən söz açan akademik, Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın yaratdıqları təşkilat və cəmiyyətlərdən, Azərbaycan diasporunun fəaliyyətindən danışıb.
Çıxışının sonunda İsmayıl Hacıyev kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib, xoş diləklərini çatdırıb.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva tədbirdə “Həmrəyliyimiz – milli birliyimizdir” mövzusunda məruzə edib.
Məruzəçi ölkəmizdə ötən əsrin sonlarında başlanan həmrəylik hərəkatı, milli birlik məsələsi, onun əhəmiyyəti kimi mövzulara toxunub. Xalq həmrəyliyini 30 ildən artıq bir müddətdə mərhələlər üzrə təhlil edib, həmrəyliyimizin bugünkü nəticələrindən danışıb.
Zeynəb Quliyeva qeyd edib ki, tariximizə “Sərhəd hərəkatı” kimi daxil olan hadisə XX əsrin 80-ci illərində Sovet rejiminə arxalanaraq Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın çıxarılmasına, öldürülməsinə qarşı baş qaldıran milli azadlıq hərakatı idi. Alim həmin dövrdə ölkədə mövcud olan ictimai-siyasi vəziyyətdən, o vaxtkı iqtidarın yarıtmaz fəaliyyətindən söz açıb. Ümummilli lider Heydər Əliyevin “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır”, - fikrini xatırladan tədqiqatçı bildirib ki, bu həmrəylik sərhəddən kənardakı ilk əks sədasını Arazdan cənubdakı torpaqlarda göstərdi. Arazın hər iki sahilindəki insanlar həmrəyliklərini iki qardaşı ayıran “tikanlı məftillər”in sökülməsi ilə bildirdilər. 1991-ci il dekabrın 16-da Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməklə həmin hərəkata siyasi qiymət verdi.
Milli həmrəyliyimizin arealını genişləndirmək məqsədilə 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı həmrəylik yolunda atılan ən uğurlu addım oldu. Bu ənənə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. 2006, 2011, 2016, 2022-ci illərdə keçirilən növbəti qurultaylar xarici ölkələrdə yaşayan minlərlə soydaşımızın təşkilatlanmasında, bir araya gəlməsində mühüm rol oynadı.
44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızın azadlığı uğrunda haqq savaşımızda dünya azərbaycanlılarının bir məram ətrafında birləşdiyini diqqətə çatdıran alim deyib ki, bu həmrəylik XX əsrin sonlarında baş verən həmrəylik hərəkatından fərqli olaraq xalqın iqtidara qarşı həmrəyliyi deyil, xalq-iqtidar birliyinin dünya azərbaycanlıları tərəfindən birmənalı olaraq dəstəkləndiyinin göstəricisi idi.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib