AMEA Naxçıvan Bölməsi

Yeni nəşr olunmuş kitabların təqdimatı keçirilib


23.12.2022 / 16:07Tədbirlər



Dekabrın 22-də AMEA-nın Naxçıvan Bölməsində yeni nəşr olunmuş iki kitabın təqdimatı keçirilib.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin Türkiyə türkcəsindən tərcümə etdiyi “Bitməyən savaş” və İnstitutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun (Yurdoğlu) “Yurdçu və yurdçulular” kitablarının təqdimat mərasimini bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.

Kitablar haqqında təəssüratlarını bölüşən akademik qeyd edib ki, professor Əbülfəz Quliyev Taylan Sorqunun hazırladığı “Xəlil paşa: İttihad və tərəqqidən Cümhuriyyətə bitməyən savaş (xatirələr)” kitabını Türkiyə türkcəsindən ana dilimizə tərcümə edib. Kitabda ötən əsrin əvvəllərində Türkiyə-Azərbaycan münasibətlərinə, ölkədə baş verən bir sıra hadisələrə işıq tutan faktların mühümlüyünü nəzərə alan müəllif əsəri ixtisarla ana dilimizə tərcümə etmiş, nəşrə hazırlamışdır. İsmayıl Hacıyev çıxışı zamanı Xəlil Paşanın həyatı, hərbi və siyasi fəaliyyəti, böyük lider Mustafa Kamal Atatürklə münasibətləri, ona Kut ləqəbinin verilməsi, habelə Türkiyə-Rusiya yaxınlaşmasındakı mühüm xidmətlərindən danışıb, onu bacarıqlı hərbçi və əsl vətənpərvər kimi xarakterizə edib.

Natiq daha sonra dosent Elxan Məmmədovun (Yurdoğlu) “Yurdçu və yurdçulular” kitabından söz açıb. O bildirib ki, yeni əsər tədqiqatçının 20 illik zəhmətinin bəhrəsidir. Kitabda Yurdçu kəndi hərtərəfli tədqiqata cəlb olunub. Bu yaşayış yerinin tarixi, arxeologiyası, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhadətə ucalan qəhrəman oğulları, burada boya-başa çatmış elm adamları, qələm sahibləri və başqa şəxsiyyətlər haqqında dəqiq məlumatların əksini tapdığı kitabda Yurdçu kəndi müxtəlif aspektlərdən ustalıqla araşdırılmış, nəticədə sanballı tədqiqat əsəri yazılmışdır.

Vurğulanıb ki, əsərin yüksək səviyyədə hazırlanması müəllifin doğma kəndinə bağlılığının, onun hər qarışına bəslədiyi sevginin nəticəsidir. Müxtəlif vaxtlarda ayrı-ayrı mütəxəssislər tərəfindən muxtar respublikanın bəzi kəndləri, yaşayış yerləri haqqında bu qəbildən bir neçə kitabın yazıldığına diqqət çəkən İsmayıl Hacıyev qeyd edib ki, strukturuna, mövzuların əhatəliliyinə, faktların dəqiqliyinə və digər keyfiyyətlərinə görə “Yurdçu və yurdçulular” bu mövzuda qələmə alınacaq kitablar üçün nümunədir.

Bölmə sədri çıxışının sonunda müəllifləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzu edib.

Məruzələr və çıxışlarla davam edən tədbirdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, dosent Elxan Məmmədov “Bitən ömrün “Bitməyən savaş”ı”, yaxud Xəlil paşanın xatirələri Əbülfəz Quliyevin tərcüməsində”, İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Yurdçu eli haqqında qiymətli əsər”, Folklorşünaslıq şöbəsinin müdiri, dosent Aytən Cəfərova “Bir kənd haqqında ensiklopediya” mövzusunda məruzə ediblər. İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, dosent Ramiz Qasımov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edərək hər iki kitabla bağlı fikirlərini bildiriblər, kitablarda diqqət yetirilən məsələlər barədə danışıblar.

Sonda çıxış edən müəlliflər ürək sözlərini iclas iştirakçıları ilə bölüşüblər.