AMEA Naxçıvan Bölməsi

Naxçıvan Dövlət Rəsm Qalereyası və Miniatür Kitab Muzeyi ziyarət olunub


02.12.2022 / 11:54Tədbirlər



Dekabrın 10-da AMEA-nın Naxçıvan Bölməsinin kollektivi “Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Rəsm Qalereyası və Miniatür Kitab Muzeyini ziyarət edib.
Qonaqlara ətraflı məlumat verən bələdçi bildirib ki, Naxçıvan Dövlət Rəsm Qalereyası Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə yaradılmışdır. Qalereya 2000-ci ildən fəaliyyətinə Heydər Əliyev Sarayında davam edib, hazırda Heydər Əliyev Sarayında muzeytipli müəssisə kimi fəaliyyət göstərir. Əsasən muxtar respublika rəssamlarının əsərlərinin nümayış olunduğu qalereyada 70-dən çox rəssamın mövzu, üslub və janr rəngarəngliyinə malik 400 əsəri mühafizə olunur. Əsərlərdən 80-i ekspozisiya zalında ziyarətçilərə təqdim olunur. Burada portret, peyzaj, tarixi, natürmort, məişət və başqa janrlarda çəkilmiş rəsm əsərləri mövcuddur.
Daha sonra qonaqlar Heydər Əliyev Sarayının ikinci mərtəbəsində yerləşən Miniatür Kitab Muzeyində olublar. Ziyarətçiləri muzeyin ekspozisiyası ilə tanış edən bələdçi diqqətə çatdırıb ki, muzey Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Zərifə Salahovanın miniatür kitab kolleksiyası əsasında yaradılmışdır. 8 il ərzində 38 min kitab toplayan Zərifə Salahova 2015-ci ildə “Ginnesin rekordlar kitabı”na adını yazdırmağı bacarıb.
Qeyd olunub ki, muzeyin ekspozisiyasına 15 vitrində sərgilənən 1085 miniatür kitab daxildir. Burada Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Almaniya, Yunanıstan, Polşa və başqa 30-a yaxın ölkəyə aid nəşrlər sərgilənir.