AMEA Naxçıvan Bölməsi

Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondunun hesabatları qəbul olunub


07.12.2022 / 17:06Tədbirlər



Batabat Astrofizika Rəsədxanası və AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə bağlı hesabat iclası olub.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev iclası açaraq hər iki elmi-tədqiqat müəssisəsinin cari ildəki göstəricilərini ötən ilki göstəricilərlə müqayisə edib.

Batabat Astrofizika Rəsədxananın baş direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev çıxış edərək Rəsədxananın 2022-ci il üzrə fəaliyyəti barədə məlumat verib. Alim bildirib ki, hesabat dövründə elmi-tədqiqat işləri 1 elmi istiqamət, 1 problem, 2 mövzu, 2 iş üzrə 6 mərhələdə 6 əməkdaş  tərəfindən yerinə yetirilmiş, 1 mühüm elmi nəticə əldə edilmişdir.

Rəsədxana əməkdaşlarının hesabat dövründə 1 monoqrafiyası, 26 elmi məqaləsi, 16 konfrans materialı, 1 tezisi olmaqla, 44 əsəri  və 3 qəzet məqaləsi dərc olunmuş, 9 elmi məqalə  çapa təqdim edilmişdir. Məqalələrdən 3-ü impakt faktorlu, 15-i beynəlxalq kodlu jurnalda çap edilib.

Hesabat dövründə Batabat Astrofizika Rəsədxanasının rəhbərlik etdiyi  “Günəş və heliogeofiziki aktivliyin variasiyalarının fizikası, uzunmuddətli proqnozlaşdırılması və biosistemlərə təsiri” adlı beynəlxalq qrant layihəsi başa çatdırılmış və hesabatı qəbul edilmişdir.

İl ərzində Rəsədxanada 1 konfrans, 6 elmi-praktiki seminar, 1 kitab müzakirəsi keçirilmiş, əməkdaşlar  3 respublika səviyyəli, 1-i xaricdə olmaqla 4 beynəlxalq səviyyəli konfransda iştirak etmişlər. Elmi dərəcəsi olan 2 nəfər əməkdaş orta ümumtəhsil məktəblərində nümunəvi dərslər keçmişlər.

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov Fondun 2022-ci  ildəki fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, hesabat dövründə 4 elmi işçi tərəfindən 1 istiqamət, 1 problem və 1 mövzu üzrə 3 iş 4 mərhələdə yerinə yetirilmişdir. Aparılan tədqiqatların nəticəsi 1 monoqrafiya, 1 kitab, 27 məqalə, 2 konfrans materialı, 1 tezis, ümumilikdə 32 elmi əsərdə əksini tapmışdır. Dərc olunan məqalələrdən 2-si impakt faktorlu olmaqla 20-si beynəlxalq kodludur.

Fond əməkdaşları bölmədaxili və muxtar respublika səviyyəsində keçirilən bir sıra tədbirlərin iştirakçısı olmuş, radio və televiziya verilişlərində çıxışlar etmiş, müxtəlif qəzetlərdə aktual mövzulara həsr olunan 5 məqalə dərc etdirmişdir. Bir nəfər AMEA Naxçıvan Bölməsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Hesabat dövründə fondun 5 iclası keçirilmiş, Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş tələbələrinə elmi-metodiki məsləhətlər verilmiş, nümunəvi dərslər tədris olunmuşdur.

Sonda AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin üzvü, akademik Tariyel Talıbov çıxış edərək hər iki elmi-tədqiqat müəssisəsində il ərzində yerinə yetirilən işləri təqdir edib, hesabatların qəbul olunmasını təklif edib.