AMEA-nın Naxçıvan Bölməsində “44 günlük müharibənin zirvəsi Şuşa” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 44 günlük Vətən müharibəsində Şuşa zəfərinin mühümlüyündən, şəhərin böyük strateji əhəmiyyətindən bəhs edib. “Şuşa Azərbaycanın mədəniyyət mərkəzi, Şuşa Azərbaycanın incisidir”,- deyən akademik Şuşanın tariximizdə və günümüzdəki yerindən danışıb.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev konfransda “Xəlil paşa Naxçıvan və Zəngəzur uğrunda mübarizədə” mövzusunda məruzə edib. Professor əvvəlcə XX əsrdə tanınmış türk hərb xadimlərindən biri olan Xəlil paşa Kutun həyatı və fəaliyyəti barədə məlumat verib.
“Xəlil paşanın xatirələri tarixi mənbə səciyyəsi daşıyır və böyük elmi əhəmiyyətə malikdir”, - deyən professor yazıçı Taylan Sorqunun “Xəlil paşa: İttihad və Tərəqqidən cümhuriyyətə bitməyən savaş” kitabı ilə tanışlığı, kitabda 1920-ci ilin Azərbaycanı haqqında yer alan məlumatların önəmindən söz açıb. Alim kitabın ehtiva etdiyi faktların önəmini nəzərə alaraq ixtisarla ana dilimizə tərcümə etdiyini və əsərin “Bitməyən savaş (xatirlər)” adı ilə nəşr olunduğunu diqqətə çatdırıb.
Məruzədə ermənilərin himayədarlarının dəstəyi ilə Naxçıvan və Zəngəzuru ələ keçirmək cəhdlərindən, Cümhuriyyət hökumətinin Xəlil paşanın komandanlığı altında silahlı birlikləri bölgəyə göndərməsindən, düşmənin ağır məğlubiyyətə uğradılmasından, sonradan Zəngəzurun Azərbaycandan qoparılmasından və başqa məsələlərdən bəhs olunub.
“Budağın xatirləri”ində və mənim xatirələrimdə Şuşa, yaxud ədəbi xatirələrdən əbədi xatirələrə” mövzusunda məruzə edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, dosent Elxan Məmmədov Xalq yazıçısı Əli Vəliyevin “Budağın xatirələri” avtobioqrafik romanını bədnam ermənilərin xalqımızın başına gətirdiyi faciələrin bədii, tarixi salnaməsi, Zəngəzur toponimlərinin mükəmməl ensiklopediyası adlandırıb.
Daha sonra aylar öncə Şuşaya səfəri ilə bağlı təəssüratlarını dilə gətirən tədqiqatçı hazırladığı təqdimatda müəllifi olduğu foto-şəkilləri nümayiş etdirib. O, Şuşanın tarix-memarlıq abidələri, erməni işğalçıları tərəfindən dağıdılmış memarlıq nümunələrinin əvvəlki və sonrakı görüntüləri, habelə hazırda aparılan yenidənqurma işlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
İnstitutun aparıcı elmi işçisi, dosent Zülfiyyə İsmayıl konfransda “Şuşanın ədəbi mühiti” mövzusunda məruzə edib. Məruzəçi Şuşa ədəbi mühitini M.P.Vaqif, Q.Zakir, B.Şakir, F.Köçərli, N.Vəzirov, Ə.Haqverdiyev, Ə.Ağaoğlu, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyov, S.S.Axundov, S.Hacıbəyli və bu mühitin başqa nümayəndələrinin yaradıcılığı əsasında təhlil edib.