AMEA Naxçıvan Bölməsi

Konstitusiya Günü münasibətilə tədbir keçirilib


11.11.2022 / 17:45Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində 12 Noyabr – Konstitusiya Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq səsverməsi ilə qəbul olunmuş, 27 noyabrda təsdiq olunaraq hüquqi qüvvəyə minmişdir. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət Konstitusiyamızda Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğu qeyd olunmuşdur. Akademik çıxışında bu mühüm dövlət sənədinin hazırlanmasında Ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərini qeyd edib, müxtəlif illərdə Konstitusiyaya edilmiş əlavə və dəyişiklikləri diqqətə çatdırıb. Vurğulanıb ki, Konstitusiyamıza edilən əlavə və dəyişikliklər onun daha da təkmilləşdirilməsi, yeni dövrün tələblərinə uyğunlaşdırılması məqsədi daşıyır.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyinin qarantı və cəmiyyətin demokratik dəyəridir” mövzusunda məruzə edib. Məruzəçi əvvəlcə “konstitusiya” anlayışı, onun mahiyyəti, qanunnamə və konstitusiya tipli dövlət sənədlərinin tarixi haqqında ətraflı məlumat verib. “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Konstitusiya qəbul edilməsə də, onun Konstitusiyasını 1918-ci il mayın 28-də Tiflisdə Milli Şuranın qəbul etdiyi “İstiqlaliyyət Bəyannaməsi” əvəz etmişdir”, - söyləyən alim qeyd edib ki,ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan 1995-ci il Konstitusiyası müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır.

Məruzəçi deyib ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Azərbaycan Respublikasının Konstitusiyasımüstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən mükəmməl və mütərəqqi sənəddir. Bu Konstitusiya yüksək hüquqi qüvvəsi olan, ictimai münasibətlərin ən mühüm sahələrini nizama salan, Azərbaycan Respublikasının ərazisində birbaşa hüquqi qüvvəyə malik olan və tətbiq edilən, qanunvericilik sisteminin əsasını təşkil edən, referendum yolu ilə qəbul edilən, cəmiyyətin və dövlətin əsaslarının hamılıqla qəbul edilmiş beynəlxalq prinsiplərə və normalara uyğun olaraq təşkil edilməsinə yönəldilmiş xalqın iradəsini birbaşa ifadə edən, insanın, onun hüquq və azadlıqlarının ali dəyərə malik olması mövqeyindən çıxış edən normativ-hüquqi aktdır.

Sonda mövzu ətrafında müzakirə aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.