Vətən müharibəsi: Azərbaycanın Zəfər yolumövzusunda elmi konfrans olub
AMEA-nın Naxçıvan Bölməsində Qarabağ zəfərinin ikinci ildönümü münasibətilə “Vətən müharibəsi: Azərbaycanın Zəfər yolu” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda giriş sözü ilə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 200 il ərzində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, onların əzəli torpaqlarımız hesabına dövlət qurmaları və əsassız şəkildə sərhədlərini genişləndirmə cəhdlərindən bəhs edib.
Akademik çıxışında 44 günlük Vətən müharibəsinin nəticələrindən, yüksək hərbi potensiala malik Azərbaycan Ordusunun qüdrətindən, Qarabağ zəfərinin ölkəmiz üçün tarixi, hüquqi və iqtisadi önəmindən söz açıb. Qələbənin döyüşlərdə misilsiz şücaət göstərmiş qazilərin, hərb meydanında qəhrəmanlıqla şəhadətə ucalmış şəhidlərin qanı bahasına alındığını qeyd edən alim vurğulayıb ki, müharibə dövründə bir xalq kimi nümayiş etdirdiyimiz milli birlik və siyasi həmrəylik Qarabağ zəfərini şərtləndirən mühüm amillərdən biridir. Bölmə sədri Vətən müharibəsi dövründə Azərbaycanın təkcə hərb meydanında deyil, həm də informasiya müharibəsində qələbə qazandığını qeyd edərək Prezident İlham Əliyevin yerli və xarici KİV-lərə müsahibələrindən sitatlar gətirib.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev konfransda “İkinci Qarabağ müharibəsi və geosiyasi reallıqlar” mövzusunda məruzə edib.
Alim məruzəsində tarixi torpaqlarımıza qarşı irəli sürülən saxta ərazi iddialarından, Qarabağ məsələsinin yaranma səbəbləri və bu problemin həlli ilə bağlı yaradılan ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyətindən danışıb. Məruzədə Qarabağ zəfərindən sonra Cənubi Qafqaz regionunda yaranmış real vəziyyət, böyük güclərin geosiyasi maraqları, ermənipərəst qüvvələrin sərgilədikləri canfəşanlıq kimi məsələlər diqqətdə saxlanılıb. Qarabağ məsələsində Türkiyə, Rusiya, İran və Fransanın mövqeyi ətraflı təhlil olunub.
“Azərbaycan-Türkiyə birliyi: Şuşa bəyannaməsi” başlıqlı məruzəsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov Şuşa bəyannaməsinin tarixi əhəmiyyətindən danışıb. Tədqiqatçı bildirib ki, bu tarixi sənədin imzalanması ilə Azərbaycan və Türkiyə Respublikaları hərbi-siyasi və iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi olaraq bəyan etdilər. Məruzəçi həmçinin Zəngəzur dəhlizinin vəd etdiyi gələcək perspektivlərdən, daşıyacağı mühüm missiyadan söz açıb.
Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun məruzəsi isə “Azərbaycanın Zəfər yolu ədəbiyyatda” mövzusunu əhatə edib. Alim yaradıcılığında vətən sevgisi, düşmənə nifrət, gənc nəslin vətənpərvər ruhda tərbiyəsi xüsusi mərhələ təşkil edən şair və yazıçıların bədii irsi barədə məruzə edib. A.Yadigar, E.Yurdoğlu, R.Əlisoy, S.Abdulla, G.Məmmədova və başqalarının yaradıcılığından gətirdiyi nümunələr əsasında Qarabağ mövzusunda qələmə alınmış əsərləri geniş təhlil edib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib