AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib. Yığıncağı açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə iclasın gündəliyinə çıxarılan məsələləri iştirakçıların diqqətinə çatdırıb.
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqında” Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat verən akademik bildirib ki, bu məqsədlə Naxçıvan Bölməsində 8 maddədən ibarət Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planında “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusu və banisidir” mövzusunda respublika elmi konfransının keçirilməsi, bölmənin “Elmi əsərlər” jurnalının xüsusi nömrəsinin Ulu öndərin siyasi və dövlətçilik fəaliyyətinə həsr olunması, “Heydər Əliyev: taleyi və siyasi fəaliyyəti” seriyasından kitabın nəşr edilməsi, monoqrafiya və məqalələrin dərc olunması, habelə bölmə əməkdaşlarının Heydər Əliyev haqqında nəşr olunmuş əsərlərindən ibarət sərginin təşkil olunması və başqa tədbirlər nəzərdə tutulmuşdur. Tədbirlər Planında əksini tapan maddələr Rəyasət Heyəti tərəfindən müzakirə olununaraq təsdiq edilib.
Daha sonra akademik İsmayıl Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının oktyabrın 25-də keçirilən Ümumi yığıncağı haqqında danışıb. İsmayıl Hacıyev qeyd edib ki, yığıncaqda AMEA-nın prezidenti vəzifəsinə seçki ilə bağlı keçirilən gizli səsvermənin nəticəsinə əsasən, akademik İsa Həbibbəyli yekdilliklə AMEA-nın yeni prezidenti seçilib. İctimai və humanitar elmlər sahəsində müsbət dəyişikliklərin baş verəcəyinə inamını ifadə edən bölmə rəhbəri AMEA-nın yeni strukturda fəaliyyətinin vəd etdiyi perspektivlərdən söz açıb.
İclasda çıxış edən bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov 23-25 iyun 2023-cü ildə keçiriləcək “Dünya tufanı, şumerlər və Naxçıvan” beynəlxalq konfransına hazırlığın vəziyyəti barədə məlumat verib. Daha sonra konfransın Təşkilat Komitəsi və Elmi-tədqiqat qrupunun tərkibi təsdiq olunub.
Bölmənin Aparatının Elm və təhsil şöbəsinin müdiri, dosent Orxan Bağırov 2022-ci il üçün AMEA Naxçıvan Bölməsinə doktorantura və dissertanturaya qəbulun, Kadr və ümumi işlər şöbəsinin müdiri Filurə Sadıqova isə vakant vəzifələrin tutulması ilə bağlı keçirilmiş müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat veriblər.
İclasın gündəliyinə çıxarılan məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib