AMEA Naxçıvan Bölməsində 2022-ci ildə Ordubad rayonu ərazisində aparılan arxeoloji ekspesiyanın nəticələri barədə hesabat iclası keçirilib.
İclası giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublikada illərdir davam edən yerli və beynəlxalq arxeoloji ekspedisiyalardan, əldə olunan mühüm elmi nəticələrdən söz açıb. Hər il olduğu kimi cari ildə də arxeoloji qazıntıların uğurla davam etdirildiyinə diqqət çəkən akademik bildirib ki, 2022-ci ildə aparılan araşdırmalar xüsusilə əlamətdar olmuşdur. İsmayıl Hacıyev Sədərəkdə aşkar olunan qədim şəhərin qalıqlarının, Uçan Ağıl, Naxçıvantəpə yaşayış yerlərində əldə olunan tapıntıların elmə qazandırdığı mühüm nəticələrdən söz açıb. Vurğulanıb ki, arxeoloq-alim Bəhlul İbrahimlinin rəhbərliyi ilə Ordubad rayonu ərazisindəki Xaraba Gilan, Plovdağ və digər qədim yaşayış yerlərində aparılan araşdırmalar Azərbaycan arxeologiya elminə yeni elmi töhfələr vermişdir. II və III Plovdağ yaşayış yeri və nekropollarında gerçəkləşən arxeoloji ekspedisiya da bu qəbildəndir.
Akademik qeyd edib ki, aşkar olunan yeni materiallar növbəti illər üçün əhatəli araşdırmaların aparılmasına əsas verir. Bölgənin sahib olduğu qədim tarix, mühüm təbii-coğrafi şərait ən qədim dövrlərdən başlayaraq əcdadlarımızın burada məskunlaşmasına səbəb olub. Qədim insan məskənlərindən biri olması nəinki ölkə, eləcə də dünya alimlərinin Naxçıvan ərazisinə marağını artıran amillərdəndir. Çünki Naxçıvan tarixin bütün dövrləri üzrə arxeoloji abidələrin mövcud olduğu bir diyardır. Burada tarixi inkişaf mərhələsini xronoloji ardıcıllıqla izləmək mümkündür.
Daha sonra AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, dosent Bəhlul İbrahimli cari ildə aparılan arxeoloji ekspedisiyanın yekunları ilə bağlı məruzə edib. Alim bildirib ki, arxeoloji qazıntılar Ordubad rayonu ərazisində, Gilançayın sol sahilində II və III Plovdağ ərazisində aparılıb. Son tunc dövrü abidəsindən daş dövrünə məxsus əmək alətlərinin də aşkar olunduğu diqqətə çatdıran alim bildirib ki, sözügedən abidələrin daha qədim dövrlərə aidliyi artıq təsdiq olunub.
III Plovdağ nekropolunda yerinə yetirilən qazıntılar zamanı kult təyinatlı tikilidə astral kultla bağlı 2 müxtəlif abidənin aşkar olunaraq tədqiqata cəlb olunduğunu diqqətə çatdıran B.İbrahimli abidələrin strukturu, burada aşkar olunan kurqan tipli qəbirlər, dəfn adətlərinin icra xüsusiyyətinə əsasən gəlinən nəticəni iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, qəbirlərdə bir neçə insan skeletinin olması burada çoxdəfnli dəfn adətinin mövcudluğunu təsdiq edir. Alim qəbirlərdən tapılan saxsı qablar, bəzək əşyaları və muncuqların səciyyəvi xüsusiyyətləri barədə məlumat verib.
II Plovdağ yaşayış yerində ötən il aşkar olunan qurbangahda daha əhatəli tədqiqat aparıldığını deyən alim axirətə inamla bağlı qədim insanların inanc sistemində kök salmış bəzi təsəvvürlər haqqında məlumat verib. Buradakı dəfn adətlərinin başqa bölgələrdə icra olunan adətlərlə oxşar və fərqli xüsusiyyətlərini qeyd edib. Vurğulanıb ki, Ordubad rayonu ərazisindəki arxeoloji abidələrin sayca çoxluğuna, tarix elmi üçün əhəmiyyətinə və ərazinin mövqeyinə əsasən demək olar ki, ərazi arxeopark yaratma imkanına malikdir.
İclasda Xaraba Gilan və Plovdağ arxeoloji abidələrinin arxeoloji turizm baxımından əhəmiyyəti müzakirə olunub.
Daha sonra Bəhlul İbrahimli araşdırmaların nəticələri ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıb.
İclasda çıxış edən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli ekspedisiyanın səmərəli nəticələrindən bəhs edərək, hesabatın qəbul olunmasını təklif ediblər.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib