AMEA Naxçıvan Bölməsi

Hüseyn Cavid yaradıcılığı fəlsəfi və ideoloji baxımdan təhlil olunub


18.10.2022 / 16:41Tədbirlər



AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş Filologiya ixtisası tələbələrinin iştirakı ilə görkəmli şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2022-ci il tarixli “Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həmin sərəncamın icrası məqsədilə təsdiq etdiyi Tədbirlər planına uyğun olaraq keçirilən tədbiri giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açıb. Professor şair-dramaturqun yaradıcılığına nəzər salaraq bildirib ki, H.Cavidin yüksək fəlsəfi və ideoloji kamilliyə malik bənzərsiz əsərləri Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir mərhələ təşkil edir. O, əsərlərində təbliğ etdiyi türkçülük ideologiyasını, aşıladığı turan sevdasını, humanizm ideyalarını özü üçün ən böyük təhlikə hesab edən sovet hakimiyyətinin repressiya siyasətinin qurbanı olmuşdur. Lakin öz dəyərlərinə hər zaman sadiq qalan xalqımız H.Cavid irsinə də sahib çıxmış, unutmamışdır. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə dahi söz ustadının nəşi uzaq Sibirdən doğma yurduna gətirilmiş, bu əlamətdar hadisə H.Cavid irsinə bəslənən sevginin ifadəsi, əsrarəngiz yaradıcılığına göstərilən diqqətin başlanğıcı olmuşdur. Sonrakı dövrlərdə şairin 120, 130 illik yubileylərinin ölkə səviyyəsində qeyd olunması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin göstərişi ilə muxtar respublikada “Hüseyn Cavid poeziya günləri”nin keçirilməsi bu məramın davamı olmuşdur. Ölkə başçısının imzaladığı “Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam, həmin sərəncamın icrası məqsədilə Ali Məclisin Sədri tərəfindən təsdiq olunan Tədbirlər planı dahi şəxsiyyətin bədii irsinə göstərilən ehtiramın təcəssümüdür.

İncəsənət, Dil vəƏdəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı – Hüseyn Cavid” mövzusunda etdiyi məruzədə H.Cavidin həyatı, zəngin yaradıcılığı təhlil olunub, onun lirik və dramaturgiya yaradıcılığının mühüm cəhətlərinə diqqət çəkilib. Məruzəsində tənqidi realizm və romantizm ədəbi cərəyanlarının mahiyyəti, ortaq və fərqli xüsusiyyətləri barədə danışan alim bildirib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatda romantizmi bütün mahiyyəti ilə əks etdirməyi bacaran dahi şəxsiyyətdir.

Məruzəçi H.Cavidin zəngin biliyinin və dünyagörüşünün onun yaradıcılığına misilsiz təsirindən söz açıb, türkçülük və turançılıq ideyalarının təbliği məsələsinə diqqət yetirib. Vurğulanıb ki, bənzərsiz əsərləri dünya klassikləri ilə səsləşən H.Cavid yaradıcılığı humanizm ideyalarının təbliğinə, qəbul olunan düşüncə və təmayüllərin özünəməxsus ifadə üslubuna görə fərqlənir. Ayrıseçkiliyə, ayırıcı düşüncəyə hər zaman qarşı olan H.Cavid romantizmi ədəbiyyatda inqilabi romantizm kimi səciyyələnir. Dramaturqun “Ana”, “Şeyx Sənan”, “Topal Teymur”,  “İblis”, “Xəyyam”, “Uçurum”, “Afət”, “İblisin intiqamı” və başqa əsərlərini xatırladan tədqiqatçı qeyd edib ki, H.Cavidin İblis obrazı dünya demonizm ədəbiyyatında xüsusi mövqeyə malikdir ki, bu da dramaturqun zəngin təxəyyülündən və mükəmməl təsvir bacarığından qaynaqlanır.

Tədbirdə İncəsənət, Dil vəƏdəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin əməkdaşı Səbinə Dünyamalıyeva “Hüseyn Cavidin “Azər” poemasında bəşəri problemlər: Şərq və Qərb kontekstində”, NDU-nın Filologiya ixtisası üzrə II kurs tələbəsi Nərmin Abbasova isə “Hüseyn Cavidin “İblis” əsərinə bir baxış” mövzulu çıxışlar ediblər. Çıxış edənlər hər iki əsərin mövzusu, ideyası, obrazların mənəvi dünyası və başqa önəmli məqamlara toxunublar.

Bədii hissə ilə davam edən tədbirdə tələbələrdən Pərvanə Cəfərova, Aysu Allahverdiyeva və İlkanə Babayeva H.Cavidin sevilən lirik şeirlərini bədii qiraət ediblər.