Təbii Ehtiyatlar İnstitutunun nəzdində Təbii Sərvətlər Muzeyi yaradılıb. Muzeyin istifadəyə verilməsi münasibəti ilə keçirilən tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, yaradılan yüksək səviyyəli maddi-texniki baza, kollektivin əhatə olunduğu hərtərəfli dövlət qayğısı əhəmiyyətli tədqiqatların aparılması, fundamental nəşrlərin ərsəyə gətirilməsi üçün əsas olub, bölmənin fəaliyyətinə öz töhfəsini verib.
Qeyd olunub ki, muxtar respublikanın qədim tarixinin, zəngin təbiətinin təbliği məqsədilə AMEA Naxçıvan Bölməsində müxtəlif illərdə Arxeologiya və Etnoqrafiya, həmçinin Təbiət Muzeyi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin göstərişi əsasında yaradılan Təbii Sərvətlər Muzeyi də bu məqsədyönlü məramın davamıdır. Muzeyin əsas fəaliyyət istiqaməti muxtar respublikanın mineral-xammal bazasını səciyyələndirən süxur, mineral və filiz nümunələrinin ümumi nümayişə təqdim edilməsi, geoloji-kəşfiyyat işlərinin nəticələrinin və elmi-geoloji nailiyyətlərin geniş miqyasda təbliği və təşviqidir.
Akademik bölgədə mədənçilik işinin inkişafı və filiz emalının tarixindən bəhs edib, Naxçıvanın təbii sərvətləri barədə orta əsr mənbələrində yer alan məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. İsmayıl Hacıyev bölmə kollektivi adından Naxçıvanda elmin inkişafına göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Muzeyin təşkilində əməyi olan kəslərə, o cümlədən Təbii Ehtiyatlar İnstitutunun əməkdaşlarına təşəkkür edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi Sərəncamı ilə muxtar respublikamızın elmi mühiti sistemli və davamlı inkişaf mərhələsinə qədəm qoyub.
Qeyd edilib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti, Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar, Təbii Ehtiyatlar institutları, Batabat Astrofizika Rəsədxanası üçün inzibati binalar tikilib və ya əsaslı təmir olunub, yeni avadanlıqlarla təchiz edilib, laboratoriyalar və iş otaqları ilə təmin olunub. Nəticədə bölmənin yüksək ixtisaslı əməkdaşları tərəfindən Naxçıvanın qədim və müasir dövr tarixi, ədəbi mühiti, folkloru, biomüxtəlifliyi, faydalı qazıntıları və digər bu kimi mühüm sahələri tədqiq edilərək öyrənilib və əldə olunan yeniliklər dünyanın nüfuzlu elmi jurnallarında işıqlandırılıb. Eyni zamanda ötən illər ərzində muxtar respublikada təşkil olunmuş beynəlxalq elmi konfranslarda bölmə əməkdaşları yüksək fəallıq göstərib, elmə öz töhfələrini veriblər. Ölkədə və beynəlxalq aləmdə baş tutmuş mötəbər tədbirlərdə alimlərimizin iştirakı və çıxışları, həmçinin dünyanın bir sıra beynəlxalq nüfuzlu elmi tədqiqat mərkəzləri tərəfindən mükafatlandırılması, medallara layiq görülməsi, beynəlxalq qurumların və jurnalların redaksiya heyətinin üzvü seçilməsi beynəlxalq elmi əlaqələrin inkişafından xəbər verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiriqeyd edib ki, bu gün açılışına toplaşdığımız Təbii Sərvətlər Muzeyində muxtar respublika ərazisində olan faydalı qazıntı nümunələri nümayiş olunur. Buradakı eksponatlar diyarımızın zəngin təbii ehtiyyatlara malik olmasının əyani sübutudur.
Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Tofiq Əliyev Naxçıvanın sahib olduğu zəngin təbii ehtiyatlar və onların istifadə perspektivlərindən söz açıb. Professor institut əməkdaşları tərəfindən aparılan tədqiqatların, əldə olunan mühüm elmi nəticələrin bu sahəyə verdiyi töhfədən danışıb, yeni istifadəyə verilən muzeyin muxtar respublikanın təbii sərvətləri ilə tanışlıq, ilkin təəssüratların formalaşması baxımından önəmini vurğulayıb.
Sonra tədbir iştirakçıları Təbii Ehtiyatlar İnstitutunun nəzdində yeni yaradılan Təbii Sərvətlər Muzeyindəki eksponatlarla, təbii sərvətlərin nümunələri ilə tanış olublar.
Qeyd edək ki, muzeydə Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərindən çoxsaylı filiz və qeyri-filiz nümunələri gətirilərək qruplaşdırılıb, adlandırılıb və sərgi üçün hazırlanıb. 150-yə yaxın eksponatın yer aldığı muzeyin ekspozisiyasına muxtar respublikanın mineral-xammal sərvətlərini əks etdirən filiz, qeyri-filiz, inşaat materialları, bəzək və üzlük daşları, təbii süxur, mineral, 1:150000 miqyasda muxtar respublikanın Geoloji və Faydalı qazıntılar xəritələri daxildir.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib