AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikada fəaliyyət göstərən beynəlxalq və yerli arxeoloji ekspedisiyaların 2022-ci il üzrə yekunları ilə bağlı hesabat yığıncağı olub.
Yığıncağı giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, beynəlxalq Azərbaycan-ABŞ və Azərbaycan-Fransa arxeoloji ekspedisiyaları Naxçıvanda 2006-cı ildən başlayaraq araşdırma aparırlar. Sonrakı illərdə respublika əhəmiyyətli ekspedisiyaların da təşkil olunduğunu diqqətə çatdıran bölmə sədri aparılan əsaslı axtarış və tədqiqatlar nəticəsində dünya tarix elmi üçün mühüm əhəmiyyət kəsb edən faktların aşkar olunaraq öyrənildiyini qeyd edib. Vurğulanıb ki, sahib olduğu təbii-coğrafi şəraitə və mühüm strateji əhəmiyyətinə görə Naxçıvan tarixin erkən dövrlərindən qədim insanların məskəni olmuşdur. Naxçıvanda ilk arxeoloji tədqiqatlar XIX əsrin sonlarından başlayaraq aparılsa da, mühüm nəticələrin əldə olunması, yeni elmi faktların çoxluğu və dəqiqliyi baxımından son 20 ilə yaxın dövr xüsusi mərhələ təşkil edir. Akademik bölgədəki bir sıra qədim yaşayış yerinin əsaslı tədqiqata cəlb edildiyini söyləyib, Ovçular təpəsi, Oğlanqala, Naxçıvantəpə, Uçan Ağıl, Naxçıvan Duzdağında aparılan araşdırmaların uğurlu nəticələrini diqqətə çatdırıb. Elmin inkişafına göstərilən diqqətin arxeoloji ekspedisiyaların təşkili və davam etdirilməsinə də təsirsiz qalmadığını qeyd edən İsmayıl Hacıyev bildirib ki, sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Babək rayonu ərazisindəki Uçan Ağıl yaşayış yerinə gəlmiş, Azərbaycan-Fransa birgə beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqat işləri ilə maraqlanmışdır.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev məruzə edərək Plovdağ, Sədərək, Naxçıvantəpə və Uçan Ağıl yaşayış yerlərində aparılan arxeoloji ekspedisiyalar, əldə olunan yeni maddi-mədəniyyət nümunələri və dəqiqləşdirilmiş elmi faktlar barədə yığıncaq iştirakçılarını məlumatlandırıb.
Alim bildirib ki, cari ildə Plovdağ yaşayış yerində həyata keçirilən qazıntılar zamanı 5 ədəd əmək aləti tapılıb. Bu tapıntılar Naxçıvanda Alt Paleolit dövrünün mövcudluğu haqqında fikir söyləməyə əsas verir. Şübhəsiz, aparılan laborator analizlər nəticəsində faktların dəqiqliyi öyrəniləcəkdir.
Sədərək yaşayış yerində aparılan tədqiqatlar barədə məlumat verən professor Vəli Baxşəliyev nəzərə çatdırıb ki, əvvəlki illərdə Şərur rayonu ərazisində Dəmir dövrünə aid bir neçə yaşayış yerində araşdırmalar aparılmış və müvəffəq nəticələr əldə olunmuşdur. 2022-ci ildə Sədərəkdə həyata keçirilən ekspedisiya zamanı qədim şəhərin qalıqları aşkar olunub. Sözügedən yaşayış yerinin düzənlik ərazidə yerləşməsi xüsusilə maraq doğurur, çünki ümumiyyətlə Cənubi Qafqaz ərazisi üçün qala tipli yaşayış yerləri xarakterikdir.
“2019-cu ildə buradan Xocalı-Gədəbəy mədəniyyətinə aid nümunələrin tapılması ərazinin tarixin qədim dövrləri ilə bağlılığına dəlalət edirdi. Cari ildə genişləndirilən tədqiqatlar isə abidə haqqında daha müfəssəl məlumatların əldə olunmasına imkan vermişdir”,- deyən arxeoloq alim aşkar olunan əkinçilik alətləri, keramika nümunələri və digər məmulatlar haqqında dinləyicilərə məlumat verib.
Alim Uçan Ağıl yaşayış yerində aparılan son tədqiqatların nəticələrindən söz açaraq qeyd edib ki, ərazidən tapılan heyvan sümüklərinin analizi burada köçəri və mədəni maldarlığın inkişafını təsdiq edir.
Hesabatın ardından Vəli Baxşəliyev yığıncaq iştirakçılarının suallarını cavablandırıb.
Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Katerina Maro tarixin ən qədim dövrlərindən etibarən Naxçıvan ərazisində məskunlaşmanın mövcudluğunun bölgənin sahib olduğu təbii-coğrafi şəraitlə bağlılığına diqqət çəkib. Alim çıxışında artıq 16 ildir davam edən Fransa-Azərbaycan beynəlxalq arxeoloji ekspedisiyasının fəaliyətinə nəzər salıb, araşdırmaların yüksək səviyyədə aparılmasında arxeoloqlara göstərilən dəstəyə və yaradılan şəraitə görə muxtar respublika rəhbərliyinə minnətdarlıq ifadə edib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib