AMEA Naxçıvan Bölməsi

Qarşıya qoyulan vəzifələr və yarım ilin yekunları müzakirə edilib


21.07.2022 / 16:13Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə və yarım ilin yekunlarına həsr olunmuş iclas keçirilib.

İclasda çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki,  iyulun 16-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri sessiyada 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə etmiş, müvafiq tapşırıqlar vermişdir. Sessiyada 21 sentyabr 2021-ci ildə keçirilmiş müşavirədə AMEA-nın Naxçıvan Bölməsinə tapşırılan muxtar respublikanın rayonlarının tarixi və Naxçıvan etnoqrafiyası ilə bağlı kitabların nəşrinin ilin sonuna qədər başa çatdırılması, “Elm Festivalına” hazırlıq görülməsi tapşırılmışdır.

Tapşırıqların icrası məqsədilə yerinə yetirilməli olan mühüm işlərdən danışan akademik daha sonra 2022-ci ilin birinci yarısı üzrə AMEA Naxçıvan Bölməsinin elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzə edib.

Məruzədə bildirilib ki, 2022-ci ilin birinci yarısında AMEA Naxçıvan Bölməsi Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyasının fərman, sərəncam və qərarlarından irəli gələn vəzifələri yerinə yetirməyə çalışmış, 9 Dövlət Proqramının icrası davam etdirilmişdir. Hesabat dövründə tədqiqatlar 6 elmi istiqamətdə, 6 problemi əhatə edən 7 mövzu üzrə 36 iş 91 mərhələdə yerinə yetirilmişdir.

Hesabat dövründə bölmə əməkdaşlarının 8 monoqrafiyası, 5 kitabı, 2 metodik vəsaiti, 223 elmi məqaləsi, 121 konfrans materialı və 1 tezisi olmaqla 360 elmi əsəri çap olunmuş, 1 xəritə və 1 buklet tərtib edilmişdir. Əsərlərdən 2 monoqrafiya, 41 məqalə və 62 konfrans materialı xaricdə çap olunmuşdur. Elmi məqalələrin 44-ü xaricdə olmaqla 194-ü beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxmışdır. 34 elmi məqalə impakt faktorlu jurnalda dərc olunmuşdur ki, bunlardan 9-u Clarivate Analytics indekslidir. Ötən 6 ay ərzində əsərlərə 216 istinad qeyd alınmış, mətbuatda 219 qəzet məqalə dərc olunmuşdur.

Diqqətə çatdırılıb ki, ötən il Bölmənin fəaliyyəti ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin icrası məqsədilə 7 rayonun tarixi, “Naxçıvan tarixinin səhifələrindən”, “Naxçıvan arxeologiyası”, “Naxçıvan uşaq folkloru” əsərləri çapa təqdim edilmiş, iki cildlik “Naxçıvan etnoqrafiyası” üzərində işlər davam etdirilmiş, “Naxçıvanın dövlətçilik tarixi”, “Naxçıvan əlyazmalar xəzinəsi”, “Naxçıvan ədəbi mühiti” və “Naxçıvanın xalq deyimləri” kitabları çapa hazırlanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən “Elmi əsərlər” jurnalının Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi nömrəsi çap olunmuş, Əhməd Cavadın 130 illiyi ilə bağlı növbəti xüsusi nömrə isə çapa hazırlanır. 9 iyul 2021-ci ildə keçirilmiş “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” beynəlxalq konfransının materialları çapa təqdim edilmişdir.

Akademik İsmayıl Hacıyev beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində atılan addımlardan bəhs edərək bildirib ki, cari ilin may ayında Türk Tarix Qurumu ilə əməkdaşlığa dair müqavilə imzalanmış, bölmə əməkdaşları müxtəlif ölkələrdə keçirilən beynəlxalq elmi tədbirlərdə iştirak etmişlər.

21 sentyabr 2021-ci ildə keçirilən müşavirədə Bölmənin qarşısına qoyulan vəzifələrə uyğun olaraq gənc alimlərin və tədqiqatçıların hazırlanmasına diqqət yetirilməsi, dissertasiya mövzularının müasir elmin inkişaf istiqamətlərinə uyğun seçilməsi üçün “Fəlsəfə və elmlər doktoru dissertasiya mövzuları” kataloqu çapa hazırlanmışdır. Əməkdaşlardan 4 doktorant, 2 dissertant Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanında müvəffəq nəticə göstərmişdir. Hazırda Bölmədə 16 elmlər və 23 fəlsəfə doktoru hazırlığı üzrə 39 doktorant və dissertant tədqiqatla məşğuldur. İlin birinci yarısında 3 nəfər elmlər doktoru, 1 nəfər fəlsəfə doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, 1 nəfər dosent elmi adı almışdır.

Elm və təhsilin inteqrasiyası il bağlı görülən işlərdən söz açan akademik NDU-nun AMEA-nın Naxçıvan Bölməsinə hamiliyə verilmiş 10 ixtisası üzrə təhsil alan tələbələrlə aparılan işlərin mahiyyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Sabahın tədqiqatçıları-2022” layihəsi çərçivəsində əldə olunan mühüm nəticələrdən bəhs edib.

Vurğulanıb ki, elmi nailiyyətlərin təhsildə tətbiqi məqsədilə 8 monoqrafiya və kitab dərs vəsaiti kimi tövsiyə olunmuşdur. Yarım il ərzində bölmə əməkdaşları muxtar respublika məktəbliləri üçün nümunəvi dərslər tədris etmiş, 3 əməkdaş interaktiv dərs aparmış, alim və ziyalıların məktəblilərlə görüşləri təşkil edilmişdir.

Təbii sərvətlərin tibbi əhəmiyyətinin araşdırılması, termal və mineral sulardan, Şorsu palçığından, dərman bitkilərindən müxtəlif xəstəliklərin müalicəsində istifadəsi ilə bağlı araşdırmaların əhatəsi genişləndirilmiş, əhalinin bu istiqamətdə maarifləndirməsi işi davam etdirilmişdir.

Bölmə əməkdaşlarından tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva ABŞ-nin beynəlxalq “Arxeologiya”, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova Azərbaycan Elm Mərkəzinin təsis etdiyi “Təbiət və elm”, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayeva isə “Dil və ədəbiyyat” jurnalının redaksiya heyətinə üzv seçilmiş, bir neçə tədqiqatçı səmərəli fəaliyyətinə görə diplom və Fəxri fərmanla təltif edilmişlər.

Sonda çıxış edən Bölmənin Rəyasət Heyətinin üzvləri - akademik Tariyel Talıbov və AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli 2022-ci ilin birinci yarısında AMEA Naxçıvan Bölməsində yerinə yetirilən işləri məqbul hesab etmiş, hesabatla bağlı fikirlərini bildirmişlər.