AMEA Naxçıvan Bölməsi

Yeni nəşr olunan iki kitabın təqdimatı keçirilib


23.06.2022 / 00:44Tədbirlər



AMEA Naxçıvan Bölməsində yeni nəşr olunan iki kitabın təqdimatı keçirilib. Tədbiri açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev kitablar haqqında fikirlərini bölüşüb. Akademik bildirib ki, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan “Müzəffər Nəsirli: taleyi və sənəti” kitabı “Taleyi və sənəti” seriyasından olan sayca 15-ci kitabdır. Naxçıvanın tanınmış şair, yazıçı və ədəbiyyatşünasları ilə bağlı araşdırmaların əksini tapdığı seriyadan olan yeni kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxıb. Kitabda Naxçıvan ədəbi mühitinin layiqli yetirməsi Müzəffər Nəsirlinin həyatı, mühiti, taleyi və yaradıcılığına dair müxtəlif mövzulu məqalələr yer alıb.
Bölmə rəhbəri “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” kitabı ilə bağlı danışarkən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın elmi fəaliyyətinə nəzərə salıb, onun çoxşaxəli yaradıcılığını yüksək qiymətləndirib.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, dosent Ramiz Qasımov tədbirdə “Müzəffər Nəsirlinin taleyi və sənəti haqqında kitab” adlı məruzə edib. Kitabda Müzəffər Nəsirlinin həyat və yaradıcılığının əhatəli şəkildə araşdırıldığını qeyd edən alim hələ erkən yaşlarında bədii ədəbiyyata gəlmiş şairin istifadə etdiyi imzalardan, nəşr etdirdiyi kitablardan bəhs edib. Ramiz Qasımov şairin yaradıcılığının aparıcı mövzuları haqqında tədbir iştirakçılarını məlumatlandırıb, Müzəffər Nəsirli yaradıcılığında təbiət gözəlliklərinin, insan əməyinin təsvir və tərənnüm xüsusiyyətlərinə diqqət çəkib. “Müzəffər Nəsirli həm də uşaq ədəbiyyatımızın bacarıqlı nümayəndələrindəndir”,- söyləyən alim diqqətə çatdırıb ki, həmin əsərlərdə gənc nəslin tərbiyəsi məsələsi xüsusi bir xətt təşkil etməklə yanaşı, vətənə məhəbbət, oxumağa həvəs aşılayır.
Vurğulanıb ki, Müzəffər Nəsirlinin həyatının müxtəlif dövrlərində çəkilmiş fotoların, əlyazmalarının, şairə ünvanlanmış təbrik və məktubların, şairin yaradıcılığından nümunələrin kitaba əlavə olunması onun yaradıcılığı ilə ümumi tanışlıq baxımından faydalıdır.
Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev təqdimat mərasimində etdiyi çıxış zamanı Müzəffər Nəsirli yaradıcılığı və yeni nəşr olunan kitabla bağlı fikirlərini bölüşüb.
Daha sonra tədbir iştirakçıları AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin “Ədəbi-bədii dilimiz yeni araşdırmalar işığında” mövzulu məruzəsini dinləyiblər. Professor diqqətə çatdırıb ki, müəllifin “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” kitabının ilk cildi 2020-ci ildə nəşr olunub. Kitabın hazırda təqdimatı keçirilən II cildi isə alimin elmi araşdırmalarının uğurlu davamı olmaqla bərabər, həm də elmi axtarışlarına bəslədiyi məsuliyyətinin nəticəsidir. Bu səbəbdəndir ki, müəllif artıq kitabın III cildinin də üzərində çalışmaqdadır.
Məruzədə qeyd olunub ki, kitab 2 fəsildən ibarətdir. Hər iki fəsil səkkiz yarımparaqrafa bölünüb. Kitabın əvvəlində yer alan “Ana dilinin saflığının qorunması: problemlər, perspektivlər” adlı yazıda ümummilli lider Heydər Əliyevin yeritdiyi, ölkə başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi dil siyasəti sayəsində dilimizin saflığının qorunmasına yüksək xidmət və qayğıdan bəhs edilir.
“Ədəbi dil və bədii düşüncə” adlanan I fəsildə müəllif Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu olan görkəmli mütəxəssislərin yaradıcılıqlarını araşdırıb, dil-üslub xüsusiyyətlərindəki özünəməxsusluqları aşkara çıxarıb. Fəslə daxil olan “Aşıq Ələsgər poeziyasının dil-üslub xüsusiyyətləri” adlı yarımfəsildə söz ustadının yaradıcılığının xalq dilinin incəlikləri ilə səslənməsindən bəhs olunur. “Mollanəsrəddinçilərin yaradıcılığında ana dilinin saflığının qorunması məsələləri” adlı yarımfəsildə müəllif Mollanəsrəddinçilərin xalq dilində yazıb-yaratmalarını ana dilinin qorunmasında təqdirəlayiq hal olduğu vurğulanır.
“Mirzə Cəlilin əsərlərində fonetik dialektizmlərin üslubi imkanları”, “Əbdürrəhimbəy Haqverdiyev və ana dili məsələləri”, “Nəriman Nərimanovun əsərlərində ana dili məsələləri”, “Rəsul Rza və doğma dilimiz”, “Nağı Nağıyevin əsərlərinin bədii dil və üslub xüsusiyyətləri” adlı yarımfəsillərdə görkəmli şəxsiyyətlərin əsərlərində ana dilinə münasibət məsələlərinə diqqət çəkilib.
Kitabın “Dilçilik elmimiz: ustadlar və yeni nəsillər” adlı ikinci fəslində müəllif dilçilik elmində aparılan tədqiqatlara dolğun münasibət bildirir.
Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova tədbirdə çıxış edərək Zülfiyyə İsmayılın Azərbaycan dilçilik elmindəki aktiv və səmərəli fəaliyyətindən danışıb.
Sonda çıxış edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, dosent Elxan Məmmədov və dosent Zülfiyyə İsmayıl Azərbaycan elminə göstərilən diqqət və qayğıdan söz açıb, tədqiqatçılara yaradılan hərtərəfli şəraitə görə minnətdarlıq ediblər.