AMEA Naxçıvan Bölməsi

Elmi konfrans keçirilib


26.05.2022 / 17:50Tədbirlər



AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri” mövzusunda elmi konfrans keçirilib.
Elmi konfransda çıxış edən Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Tofiq Əliyev muxtar respublikanın təbii sərvətləri və onların öyrənilməsi işində institutun fəaliyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası yerüstü sərvətlərinin zənginliyi ilə yanaşı, mineral sərvətlərinin də müxtəlifliyinə və ehtiyatına malik olan zəngin diyardır. Naxçıvan təbii sərvətlərlə zəngin olan bir sıra yataqlara, müxtəlif tərkibli mineral və arsenli suların çoxsaylı mənbələrinə malikdir. Mineral xammal ehtiyatlarının ümumi balansında qeyri-filiz faydalı qazıntıları və tikinti materialları mühüm yer tutur. Bu baxımdan muxtar respublikanın bir sıra bölgələri polimetallik, daşduz, mis, travertin, dolonit, molibden, qurğuşun ehtiyatları ilə zəngindir. Aparılan geoloji kəşfiyyat işləri Ordubad və Şahbuz rayonlarında qızıl yataqlarının da olduğunu göstərir. Direktor çıxışında faydalı qazıntı kimi daşduzu Naxçıvanın ən qiymətli mineral sərvəti olaraq dəyərləndirib.
Professor Tofiq Əliyev bildirib ki, institutda muxtar respublika ərazisindəki təbii sərvətlərin geoloji, kimyəvi, fiziki tədqiqi, avtomatlaşdırılması, hidroloji və landşaft şəraitinin öyrənilməsi, seysmoloji tədqiqatlar, sosial-iqtisadi infrastrukturların yerləşmə qanunauyğunluqlarının araşdırılması üzrə mühüm nəticələr əldə edilir. Ötən il də aparılan tədqiqatlar nəticəsində bir çox uğurlar qazanılıb. İnstitutun əməkdaşı, dosent Fizzə Məmmədova Beynəlxalq intellektual əməkdaşlıq komitəsi intellektual liqasının həqiqi üzvü, dosent Günel Məmmədova isə nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrinin aktuallığına və elmi əhəmiyyətinə görə Hindistanın “Şərqin kimya jurnalı”nın redaksiya heyətinə üzv seçiliblər.
Konfransda institutun icraçı direktoru, kimya elmləri doktoru Bayram Rzayev, kimya üzrə fəlsəfə doktorları Əhməd Qarayev, Fizzə Məmmədova, Qorxmaz Hüseynov, Günel Məmmədova, Məhbub Kazımov və elmi işçi İlahə Seyidova məruzə ətrafında çıxış ediblər. Çıxışlarda Darıdağ arsen filizinin ehtiyatı, istismarı və əhəmiyyəti, Darıdağ sürmə filizinin işlənməsi və perspektivləri, muxtar respublikanın yeraltı su ehtiyatlarının müasir vəziyyəti və digər mövzularda müzakirələr aparılıb.