AMEA Naxçıvan Bölməsi

Milli Qurtuluş dövlətçilik tariximizdə mövzusunda tədbir keçirilib


14.06.2022 / 16:45Tədbirlər



AMEA Naxçıvan Bölməsi və muxtar respublikadakı ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluş dövlətçilik tariximizdə” mövzusunda tədbir keçirilib.

Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında 15 İyun – Milli Qurtuluş Gününün qeyd olunması ilə bağlı Tədbirlər Planı”na əsasən keçirilib.

Tədbiri açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası” mövzusunda məruzə edib.  Akademik məruzəsində ötən əsrin 90-ci illərinin əvvəllərindən ölkədə mövcud olan ictimai-siyasi vəziyyətdən söz açaraq bildirib ki, hökm sürən hakimiyyət böhranı, ölkənin mühüm güc strukturlarının özbaşınalığı və separatizm cəhdlərinin intensivləşməsi, əzəli torpaqlarımızın işğalı kimi mühüm problemlər xalqı bu bəlalardan xilas edəcək bir liderin gəlişini labüd edirdi. Natiq 1993-cü ilin 15 iyun tarixinin əhəmiyyətindən, dövrün və xalqın tələbi ilə hakimiyyətə gələn dahi rəhbərin həyata keçirdiyi uzaqgörən siyasət strategiyasından, Azərbaycanın gələcək inkişafına hesablanmış məqsədyönlü addımlardan bəhs edib. Vurğulanıb ki, daim xalqı üçün çalışan ulu öndər Heydər Əliyev ağır şəraitdə ayaqda qalmağa çalışan ölkəmizi düşdüyü acınacaqlı vəziyyətdən xilas edərək əsl xilaskarlıq missiyasını yerinə yetirdi. Atəşkəş haqqında sazişin imzalaması, balanslaşdırılmış daxili və xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla uzunmüddətli əlaqələrin qurulması, ordu quruculuğu və həyatın digər sferalarında əsaslı islahatların aparılması, xarici investorların ölkəyə cəlb olunması həmin xilaskarlıq missiyasının aparıcı istiqamətləridir.

Qeyd olunub ki, bu missiya hazırda Heydər Əliyev ideyalarına sədaqətlə xidmət edən ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Yürüdülən düzgün siyasət nəticəsində bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək regionda qalib dövlətə çevrilib, dünya dövlətləri arasında böyük nüfuza malikdir.

Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev ideyalarının müvəffəq davamından bəhs edən akademik söyləyib ki, aparılan uğurlu siyasət sayəsində Azərbaycan, eləcə də onun tərkib hissəsi Naxçıvan Muxtar Respublikası inkişafının ən qüdrətli dövrünü yaşayır. 

Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Siyasətdə varisliyin uğurlu formulu” mövzulu məruzəsində dahi rəhbər Heydər Əliyevin sahib olduğu liderlik bacarıqlarına diqqət çəkib. Müstəqillik dövründə qazanılan inkişafdan söz açan rektor informasiya cəbhəsində, diplomatiya və beynəlxalq hüquq sahəsində qazanılan uğurlardan, labüd Qarabağ zəfərindən danışıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə ilə regionda tarixi ədaləti bərpa etdiyini söyləyən Elbrus İsayev Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin türk dövlətlərini birləşdirmək missiyasını uğurla icra edəcəyini və Naxçıvanın buradakı mühüm əhəmiyyətini qeyd edib.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov tədbirdə “Qurtuluşun çətin və məşəqqətli yolları” mövzusunda məruzə edib. Məruzəçi sovet hakimiyyətinin dağıldığı ərəfədə xarici dövlətlərin Azərbaycanla bağlı fərqli maraqlarına diqqət çəkib. “Yenicə müstəqilliyini bərpa etmiş ölkəni inkişafa istiqamətləndirmək, xalqın gələcəyi üçün islahatlar aparmaq böyük siyasi bacarıq və əsl sərkərdə cəsarəti tələb edirdi”,-deyən rektor qeyd edib ki, belə məsulliyyətli missiyanın öhdəsindən yalnız Heydər Əliyev kimi dahi gələ bilərdi.

“Bu gün milli qurtuluş idealogiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir. Ölkəmizin dünyadakı nüfuzu gündən-günə artır”,- bu fikirləri “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva “Qurtuluşdan başlanan inkişaf strategiyası” mövzulu məruzəsində səsləndirib. Rektor 15 İyun tarixini müstəqil Azərbaycan dövlətinin inkişafın yeni mərhələsinə qədəm qoyduğu gün kimi xarakterizə edib, ordu quruculuğu, iqtisadiyyat, mədəniyyət sahələrində qazanılan nailiyyətlərdən söz açıb.

Çıxışların sonunda məruzəçilər 15 İyun – Milli Qurtuluş Günü münasibətilə xalqımızı təbrik edib, xoş diləklərini çatdırıblar.