AMEA Naxçıvan Bölməsi

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib


09.06.2022 / 17:38Tədbirlər



Bu gün Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Naxçıvandan başlanan qurtuluş tarixi” adlı tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları Nilufər Ağayeva və Səbuhi Həsənovun çıxışları dinlənilib.
Çışıxlarda qeyd olunub ki, ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi dövrdə Naxçıvanın, ümumilikdə Azərbaycanın siyasi, dövlətçilik tarixində mühüm dəyişikliklərə imza atmışdır. Ulu öndərin Naxçıvana qayıtması ilə Azərbaycan tarixinin yeni Heydər Əliyev dövrü və dövlət müstəqiliyinin əbədiliyinin təsvir edilməsi mərhələsi başlanmışdır. 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş və ulu öndərin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq özünün əsl xilaskarı şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş günü kimi yazmışdır.
Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli dahi şəxsiyyət Heydər Əliyevin xidmətləridir. Uzaqgörən idarəçilik bacarığına malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.
Ulu öndər Heydər Əliyev müdrik siyasəti ilə dövlət quruculuğu üçün vacib olan güclü iqtisadiyyat yaratmaq, daxili sabitliyi təmin etmək və geosiyasi mənzərəni Azərbaycanın xeyrinə dəyişməkdən ibarət üç faktoru vahid sistemdə birləşdirə bildi. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı kimi bütün istiqamətlərdə atılacaq addımların ümumi prinsiplərini zərgər dəqiqliyi ilə müəyyənləşdirdi.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası ötən dövrdə dövlət başçısı cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin davamlı inkişafı təmin edilmiş, qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olunmuşdur.
Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunmuş filmə baxış olub.