AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası olub. Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.
Bölmənin Bioresurslar İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov iclasda “Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyi – petrofil bitkiliyi” mövzusunda elmi məruzə edib.
Məruzədə vurğulanıb ki, muxtar respublikanın malik olduğu təbii-coğrafi şərait petrofil bitkilərin inkişafında üçün böyük önəmə sahibdir. Ərazinin florasında petrofil bitkiliyin özünəməxsus yeri olduğunu vurğulayan tədqiqatçı bu bitkiləri iki formada - qaya bitkiliyi və töküntü bitkiliyi kimi xarakterizə edib. Petrofil bitkilərin muxtar respublika ərazisində 75 fəsilə, 210 cins və 350-dən artıq növlə təmsil olunduğunu bildirib. Qida, bəzək, dərman əhəmiyyətli qaya-töküntü bitkiləri, onların tətbiq sahələri, iqtisadi səmərəliliyi ilə bağlı məlumat verib.
Alim ərazinin dəniz səviyyəsindən hündürlüyü artdıqca petrofil bitkilərin də rəngarəngliyinin artdığını, daha nadir tapılan növlərlə təmsil olunduğunu diqqətə çatdırıb. Muxtar respublikanın Gəmiqaya, Qaplanqaya, Günnüt, Gənzə, Kükü, Çalxanqala, Soyuqdağ, Dərəşam vadisi, Zərnətün dərəsi və başqa yerlərində aparılan çöl ekspedisiyaları zamanı qeydə alınan bitkilərin fotoşəkillərini təqdim edərək hər bir bitki haqqında geniş məlumat verib. Bəzi növlərin nadir bitkilər siyahısında yer aldığını söyləyən tədqiqatçı bildirib ki, petrofil bitkilər muflon və bezoar keçilərinin əsas qida mənbəyidir. Zəngin yem ehtiyatı həmin heyvanların populyasiyasına olduqca müsbət təsir göstərir.
Məruzənin sonunda dosent Namiq Abbasov Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsi tərəfindən petrofil bitkilərlə bağlı aparılan araşdırmaları və əldə olunan nəticələri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Sonra məruzə ətrafında müzakirə aparılıb, tövsiyə və təkliflər dəyərləndirilib.
Akademik İsmayıl Hacıyev iclasda 23-25 may tarixlərində muxtar respublikada olan Türk Tarix Qurumu nümayəndə heyətinin bölməyə səfərinin yekunları, qarşılıqlı əməkdaşlığa dair müqavilənin imzalanması və qarşıda duran işlər haqqında məlumat verib.
Elm Festivalına hazırlıq barədə danışan bölmə rəhbəri məsələ ilə bağlı müvafiq təklif və tapşırıqlar verib. Nəzərdə tutulan işlərin vaxtında icrası ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması ilə bağlı qərar qəbul olunub.
Rəyasət Heyətinin iclasında həmçinin “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda keçiriləcək II Beynəlxalq konfransa hazırlığın vəziyyəti və gündəlikdəki digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib