Əhməd Cavad - 130mövzusunda elmi konfrans olub
AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi və muxtar respublikanın ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Əhməd Cavad - 130” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev milli istiqlal şairi Əhməd Cavadın həyatı və çoxcəhətli fəaliyyəti haqqında məlumat verib, onu böyük şair, maarifçi və ictimai xadim kimi xarakterizə edib. Vurğulanıb ki, Əhməd Cavad vətəninə, elinə, bütövlükdə türk dünyasına bağlı əsl mücahid olmuş, türkçülüyə sevgisinə görə dövrün sovet ideoloqları tərəfindən böyük təhlükə kimi qələmə verilmişdir. Bu səbəbdən də vətənə sevdalı şair amansız 1937-ci il repressiyasının qurbanı olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2022-ci il tarixli “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladığını qeyd edən akademik bildirib ki, konfrans Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 23 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına uyğun olaraq keçirilir. Diqqətə çatdırıb ki, plana uyğun olaraq bölmənin “Elmi əsərlər” jurnalının xüsusi nömrəsinin Əhməd Cavadın həyat və yaracılığına həsr olunması nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar konfransda “Əhməd Cavadın lirikası” mövzusunda məruzə edib. Əhməd Cavad poeziyasının ətraflı təhlilə cəlb olunduğu məruzədə vurğulanıb ki, şairin sovet əsarətinə qarşı haqlı mübarizəsi onun şeirlərində tam dolğun şəkildə əksini tapmış, dərin vətənpərvərlik duyğuları yüksək ustalıqla ifadə olunmuşdur. Əhməd Cavad təkcə şeir yazmaqla kifayətlənməmiş, tərcümə fəaliyyəti ilə məşğul olmuş, bir sıra məsul vəzifələri uğurla yerinə yetirmişdir. Məruzəçi şairin yaradıcılığından gətirdiyi nümunələr əsasında əsərlərin ideya və məzmun xüsusiyyətlərini təhlil edib.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Milli istiqlal şairi: Əhməd Cavad” başlıqlı məruzəsində Əhməd Cavadın milli istiqlal mücadiləsində mühüm rolundan, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətindən bəhs edib. Şairin yaradıcılığını iki mərhələ üzrə təhlil edən alim onun Azərbaycan bayrağını, istiqlalımızı tərənnüm etdiyi, həmçinin sonrakı dövrlərdə vətən nisgilli şeirlərindən nümunələr gətirib. Şeirlərdə ustalıqla istifadə olunan simvolizmdən söz açıb.
Naxçıvan Dövlət Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Eyvazov “İncə ruhlu şair” mövzulu məruzəsində müasirlərinin yaradıcılığının Əhməd Cavad poetikasında izləri, eləcə də Ə.Cavadın özündən sonrakı söz ustalarının yaradıcılığına təsiri məsələlərini əhatəli təhlil edib.
Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həsənalı Eyvazlı “İstiqlal şairinin poetik duyğuları” adlı məruzəsində Əhməd Cavad şeirlərinin məzmun xüsusiyyətlərindən, bədii təsvir vasitələrindən söz açıb.
“Əhməd Cavad və folklor” mövzusunda məruzə edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova şairin folklor nümunələri ilə səsləşən bayatı, sayaçı sözlərindən nümunələr gətirib. Ruhu xalq sevgisi ilə yoğrulan söz ustasının ən qəliz fikirlərin ifadəsində folklor nümunələrindən ustalıqla istifadə qabiliyyətinə diqqət çəkib.
“Naxçıvan” Universitetinin şöbə müdiri Anar Abuzərli konfransda “Cümhuriyyət qoxulu şair – Əhməd Cavad” mövzusunda məruzə edib. Məruzədə Əhməd Cavadın yaradıcılığının cümhuriyyət dövrünə nəzər salınıb, şeirlərinin ehtiva etdiyi vətən sevgisi, azadlıq mücadiləsində qəhrəmancasına həlak olmuş şəhidlərə rəğbət, bayrağın mədhi kimi məsələlərə toxunulub.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib