AMEA Naxçıvan Bölməsi

Oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva mövzusunda interaktiv dərs olub


28.04.2022 / 13:12Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan görkəmli alim, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə interaktiv dərs olub.

“Oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva” mövzusunda dərsi bölmənin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova aparıb.

Tədqiqatçı məktəblilərə əvvəlcə akademikin mənalı ömür yolu haqqında məlumat verib, onun sahib olduğu mühüm insani keyfiyyətlərdən söz açıb. Vurğulanıb ki, zəhmətsevərliyi, səmimiliyi, yüksək intellekti ilə insanların rəğbətini qazanan  akademik Zərifə Əliyevanın şəxsiyyətində doğma vətənə, xalqa bağlılıq və başqa yüksək mənəvi keyfiyyətlər öz təcəssümünü tapmışdı.

Peşə istiqamətini həkimlik ixtisası üzrə müəyyənləşdirən gənc Zərifə gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoymuş, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil almış, oftalmologiya peşəsinə yiyələnmək üçün Moskvada təhsilini davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır.

Həmin illərdə Azərbaycanda gözün iltihabı və buynuz qişasını zədələyən, ağır nəticələrə, hətta tam korluğa səbəb olan xlamidiya etiologiyalı infeksion traxoma xəstəliyinin geniş yayılmasından bəhs edən Surə Rəhimova Zərifə Əliyevanın bu xəstəliyin müalicəsində və profilaktik tədbirlərin təşkilində fəal iştirakından söz açıb. Bildirib ki, o dövrün dəhşətli bəlası hesab olunan traxoma xəstəliyindən xilasın yeganə yolu fundamental tədqiqatlar aparmaq, effektli müalicə metodları və profilaktik tədbirlər işləyib hazırlamaqda idi. Bu məqsədlə Zərifə Əliyeva elmi araşdırmalarının ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Çox keçmədən Zərifə xanım xəstəliyin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olur. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini taparaq respublikada traxoma xəstəliyinin tamamilə müalicə olunması ilə nəticələnir.

Qeyd olunub ki, akademik Zərifə Əliyevanın qazandığı elmi uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. İstedadlı alim oftalmologiyanın aktual mövzuları üzrə çoxprofilli tədqiqatlar apararaq dəyərli elmi-tədqiqat əsərləri ərsəyə gətirmişdir. Apardığı tədqiqatların gedişində "Göz yaşının axmasının fiziologiyası", "Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti", “Gözün hidro-dinamik sisteminin anatomo-fizioloji xarakteristikası”, “Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi” kimi onlarla elmi məqalə və monoqrafiyalar çap etdirmişdir.

Tədqiqatçı dərsdə tanınmış şəxsiyyətlərin akademik Zərifə Əliyeva haqqında fikirlərindən sitatlar gətirib. Vurğulayıb ki, böyük alimin həyatı, vətəninə, xalqına sədaqəti, elmə xidməti, sahib olduğu insani məziyyətlər gənc nəsil üçün əsl örnəkdir.

İnteraktiv dərs muxtar respublikanın 200-ə yaxın ümumtəhsil məktəbinin şagirdləri tərəfindən dinlənilib.