AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası olub. Bölmənin sədri, akademik İsmayıl Hacıyev ilk öncə iştirakçıları iclasın gündəliyinə çıxarılan məsələlərlə tanış edib.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı” mövzusunda elmi məruzə edib.
“Molla Nəsrəddin” satirik jurnalı haqqında haqqında ətraflı məlumat verən məruzəçi jurnalın dini-fanatizmin tüğyat etdiyi ən çətin dövrdə insanların maarifləndirilməsində, cəmiyyətin mədəni inkişafına mane olan cəhalət qandalından azad olmasında əvəzsiz rolundan söz açıb.
"Molla Nəsrəddin" dövrün ən müasir inqilabi məsələləri ilə yanaşı, xalqın yüz illərdən bəri davam edən dərdlərinə işıq tutur, oxucuları düşünməyə vadar edirdi. Bu fikrini xalqa çatdırmaq üçün Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin"in birinci nömrəsinin üz qabığında öz həmvətənlərini yatmış vəziyyətdə göstərən bir rəsm çəkdirib dərc etdirmiş, Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin obrazı ilə onları oyatmağa çalışmışdır”,-söyləyən alim ölkənin ictimai-siyasi həyatında kəskin ideoloji mübarizələrin getdiyi dövrdə jurnalın mövqeyinə, hadisələrə özünəməxsus yanaşma tərzinə diqqət çəkib. Vurğulanıb ki, "Bilməli xəbərlər", "İçəri xəbərlər", "Məzəli xəbərlər", "Teleqraf xəbərləri", "Qafqaz xəbərləri", "Ticari və ekoloji xəbərlər" başlıqları altında dərc edilən yazıları hazırlayarkən məcmuə əməkdaşları xalq yaradıcılığının imkanlarından ustalıqla bəhrələnmiş, atalar sözü, tapmaca, bayatı kimi folklor nümunələri "Molla Nəsrəddin"in səhifələrində dövrün reallıqlarına uyğun yeni məna kəsb etmişdir. Xəlqilik, milli dilimizə, folklorumuza, klassik ədəbiyyatımıza bağlılıq, azadlıq, müstəqillik ideyalarının ifadəsi jurnalın yalnız adında məhdudlaşıb qalmamış, onun hər nömrəsində, hər felyetonunda, şeirində, adicə bir xəbərində belə öz əksini tapmışdır. Jurnalda satirik şeir və hekayə formaları ilə yanaşı, açıq məktub, satirik dialoq, tapmaca, elan, teleqraf və lüğət formalarına müraciət olunması jurnalistikada yeni bir istiqamət idi.
Qoyulan bütün qadağalara rəğmən "Molla Nəsrəddin"in haqq səsi çox keçmədən şimallı-cənublu Azərbaycanın və Qafqazın hüdudlarını aşaraq Rusiyada, Yaxın və Orta Şərqdə eşidilirdi. Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir göstərirdi.
XX əsrin əvvəllərində Azərbaycan dilinə laqeyd münasibətin hökm sürməsinə baxmayaraq böyük ədib Cəlil Məmmədquluzadə bilərəkdən məhz təmiz ana dilində yazmağı qarşısına məqsəd qoymuş, jurnalın dili doğma ana dilimiz seçilmişdir.
Cəlil Məmmədquluzadənin səyi və təşkilatçılıq bacarığı sayəsində qısa zamanda “Molla Nəsrəddin” ədəbi məktəbi formalaşmış, həmin ədəbi nəsil mollanəsrəddinçilər adı ilə tanınıb, böyük nüfuz qazanmışdır.
Dosent Aygün Orucova məruzəsində Naxçıvan Muxtar Respublikasında hər il “Molla Nəsrəddin” jurnalının yubileyi ilə əlaqədar tədbirlərin, aprel ayında “Molla Nəsrəddin” günlərinin keçirildiyini, məcmuənin xalqımızın milli özünüdərkində, azadlıq mübarizəsi tarixindəki mühüm rolunun, əsas müəlliflərinin həyatı və yaradıcılığının daha dərindən tədqiq olunduğunu, yeni-yeni faktların üzə çıxarıldığını bildirib.
Məruzə ətrafında müzakirə aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
“Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respubikası Prezidentinin 20 aprel 2022-ci il tarixli, “Əhməd Cavadın 130 illiyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 23 aprel 2022-ci il tarixli sərəncamları və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr barədə məlumat verən akademik İsmayıl Hacıyev görüləcək işlərlə əlaqədar müvafiq tapşırıqlar verib.
Akademik həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 aprel 2022-ci il tarixli qərarından irəli gələn vəzifələrin icrası ilə bağlı göstəriş verib.
İclasda Naxçıvan Muxtar Respublikası rayonlarının tarixi ilə bağlı yazılan kitabların çapa tövsiyə olunması, AMEA Naxçıvan Bölməsi elmi-tədqiqat müəssisələrinin Elmi Şuralarının fəaliyyəti ilə bağlı aparılan yoxlamanın nəticələri və gündəlikdəki digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib