AMEA Naxçıvan Bölməsi

Hüseyn Cavid və folklor monoqrafiyasının II hissəsinın təqdimatı olub


19.04.2022 / 15:49Tədbirlər



AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Çinarə Rzayevanın “Hüseyn Cavid və folklor” monoqrafiyasının II hissəsinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik dosent Çinarə Rzayevanın elmi yaradıcılığına nəzər salaraq qeyd edib ki, müəllif romantik şair, dramaturq Hüseyn Cavidin yaradıcılığında folklor nümunələrindən istifadə imkanlarını özünəməxsus şəkildə təhlilə cəlb etmiş, nəticədə ikihissəli“Hüseyn Cavid və folklor” monoqrafiyasını ərsəyə gətirmişdir. Birinci hissəsi 2017-ci ildə nəşr olunan monoqrafiya həm Cavidşünaslığa, həm də folklorşünaslığa gərəkli töhfədir.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov təqdimat mərasimində “Hüseyn Cavid əsərlərinə yazıçı və folklor əlaqələri kontekstində növbəti baxış” mövzusunda məruzə edib.

            Məruzədə qeyd olunub ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxan əsərin elmi redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, rəyçiləri isəAMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və dosent Elxan Məmmədovdur. Giriş, dörd fəsil, bir bölmə, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarət yeni monoqrafiya Çinarə Rzayevanın “Hüseyn Cavid və folklor” istiqamətindəki araşdırmalarının ikinci hissəsidir.

            “Məhəbbət dastanları və Hüseyn Cavid” adlanan birinci fəsildə müəllif iki yarımbaşlıqda xalq dastanları ilə Hüseyn Cavid əsərlərini qarşılıqlı şəkildə tədqiqata cəlb edib. Folklor nümunələri ilə H.Cavid lirikası arasında paralelliklər aparır, üst-üstə düşən cəhətləri araşdırır, müqayisəli təhlil və elmi ümumiləşdirmələr vasitəsilə fikirlərini oxucuya çatdırır. Nümunələr əsasında ortaya qoyulan fikirlər elmi yeniliyi ilə diqqət çəkir.

Digər fəsillər kimi iki yarımbaşlıqdan ibarət ikinci fəsildə isə “Qəhrəmanlıq dastanları və Hüseyn Cavid” mövzusu araşdırılır. Burada “Koroğlu”, “Qaçaq Kərəm”, “Qaçaq Nəbi” kimi dastanlarda qəhrəmanın öz sevgisi uğrunda mübarizəsinə nəzərə salınır, bu məqamların Cavid əsərlərində işlənmə xüsusiyyətləri, motiv bəhrələnməsi və sujetə təsiri məsələləri araşdırılır. Həmçinin qadın qəhrəman personajları arasında müqayisəli təhlillər aparan müəllif Hüseyn Cavidin Səlma ana obrazına fəlsəfi yanaşmasına diqqət çəkir.

“İnam və inancların Hüseyn Cavid yaradıcılığında bədii həlli” adlı üçüncü fəsildə xalq inancları və bu inanclardan doğan düşüncə sisteminin obrazların nitqinə təsiri məsələləri, yaradıcı şəxsin dini inanclara münasibətindən doğan yanaşma tərzi özünəməxsus şəkildə şərh olunur.

Bu istiqamətdə paralel yanaşmaların sərgiləndiyi dördüncü fəsildə H.Cavid yaradıcılığından seçilən nümunələr əsasında müəllifin ortaya qoyduğu fikirlər yazıçı-folklor münasibətlərinin öyrənilməsində böyük önəmə malikdir.

Natiq bildirib ki, monoqrafiyada müəllif xüsusi bir başlıq altında mənəvi mədəniyyət məqamına da toxunub. “Folklorda yer alan islami dəyərlər Hüseyn Cavid yaradıcılığında” adlı bölmədə ilk olaraq islami dəyərlərin folklorda işlənmə mövqeyinə nəzər salınıb, H.Cavid yaradıcılığına təsiri məsələsinə toxunulub.

İnstitutun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova tədbirdə çıxış edərək müəllifin elmi yaradıcılığı və təqdim olunan monoqrafiya haqqında fikirlərini bölüşüb.

Sonda çıxış edən Çinarə Rzayeva H.Cavid yaradıcılığının insana bəxş etdiyi mənəvi zövqdən söz açıb. Tədqiqatçılar üçün yaradılan şəraitə, elmi fəaliyyətlərinə verilən qiymətə görə minnətdarlığını bildirib.