AMEA Naxçıvan Bölməsi

Naxçıvan orta əsr memarlıq abidələri və Əcəmi Naxçivani adlı tədbir keçirilib


19.04.2022 / 14:12Tədbirlər



Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı ilə Açıq Səma Altında Muzey Kompleksində 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Naxçıvan orta əsr memarlıq abidələri və Əcəmi Naxçivani” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev açmışdır. Qeyd etmişdir ki, Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan diyarı qədim və orta əsrlər zamanı yaradılmış müxtəlif təyinatlı tarix-mədəniyyət abidələri ilə çox zəngindir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin hər yerində olduğu kimi böyük bir tarixi keçmişə malik olan Naxçıvan Muxtar Respublikasında da bölgənin tarixinin, dilinin, ədəbiyyatının, arxeologiya və etnoqrafiyasının, milli-mənəvi dəyərlər sisteminin elmi dəlil və konkret faktlar əsasında yenidən araşdırılmasına başlanmışdır. Dövlətin birbaşa diqqəti və qayğısı ilə həyata keçirilən tədbirlər, həmçinin təşkil edilmiş yerli və xarici arxeoloji ekspedisiyalar nəticəsində muxtar respublika ərazisində yeni tarixi abidələr aşkar edilərək tədqiq olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək deyirdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.
Tədbirdə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru Nəzakət Əsədova çıxış edərək qeyd etmişdir ki, tarixdə həyatı və gördüyü işlər gələcək nəsillər üçün örnək olan, nəsillər arasında çar Rusiyasının ordusuna altı general vermiş Naxçıvan xanları - Kəngərlilər sülaləsinin özünəməxsus yeri vardır. Naxçıvan xanlarının iqamətgahında “Xan sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 04 fevral tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi adlandırılmışdır.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev çıxış edərək qeyd etmişdir ki, Naxçıvanın daha bir möhtəşəm abidəsi memar Əcəminin şah əsəri olan Mömünə Xatun türbəsidir. Bu türbəni Naxçıvanın Tac-Mahalı da adlandırırlar. Türbə təkcə Azərbaycanda deyil, islam dünyasında ən uca və incə kompozisiyalı abidələrdən sayılır. O, 1186-cı ildə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin xanımı Mömünə Xatunun qəbrüstü məqbərəsi kimi ucaldılıb. El arasında bu türbəyə "Atabəy günbəzi" də deyilir.
Sonda tədbir iştirakçıları muzey ekpozisiyası ilə tanış olublar.