AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasında abidələrin tədqiqi tarixi” mövzusunda tədbir keçirilib.
18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik bu əlamətdar günün təsis tarixinə nəzər salıb, ölkəmizin sahib olduğu zəngin mədəni irsdən bəhs edib. Bildirib ki, Azərbaycan 1992-ci ildə YUNESKO-ya üzv qəbul edilmiş, 1996-cı ildə isə YUNESKOilə əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçəri şəhər, Qobustan dövlət tarixi-bədii qoruğu, Şəki xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya irsi obyektlərin siyahısına salınmışdır.
Muxtar respublikada mədəni irsin qorunması istiqamətində görülən işlərdən söz açan bölmə rəhbəri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Muxtar respublika ərazisindəki 1200-dən artıq abidənin pasportlaşdırıldığını, 70-dən artıq tarix və mədəniyyət abidəsinin bərpa olunduğunu bildirib.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov tədbirdə “Qədim dövr tariximizin öyrənilməsində Naxçıvan abidələrinin əhəmiyyəti” mövzusunda məruzə edib.
Məruzədə Naxçıvan Muxtar Respublikası ərazisindəki tarixi abidələrin yerləşmə arealı, qədim tariximizi özündə əks etdirən abidələrdə aparılan arxeoloji ekspedisiyalardan bəhs olunub. Alim bildirib ki, Naxçıvan ərazisində ilk arxeoloji ekspedisiya 1896-cı ildə Qızılburunda aparılmış, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyəti dövründə araşdırmaların əhatə dairəsi genişləndirilmişdir.
Ötən əsrin 30-cu, 50-60-cı illərində Naxçıvanda həyata keçirilən arxeoloji qazıntıların nəticələri haqqında məlumat verən tədqiqatçı tarix-mədəniyyət abidələrinə göstərilən qayğıdan bəhs edib. Qeyd olunub ki, son illər aparılan beynəlxalq və ölkə səviyyəli arxeoloji ekspedisiyalar nəticəsində çoxsaylı materiallar aşkar olunmuş, yeni tapıntılar sayəsində həmin abidələrin daha qədim dövrlərə məxsusluğu sübuta yetirilmişdir. Həmçinin bu materiallar sayəsində Naxçıvan bölgəsinin Yaxın Şərqlə iqtisadi, mədəni əlaqələrinin mahiyyəti öyrənilmiş, mühüm mədəniyyət mərkəzləri ilə bağlılığı tədqiq olunmuşdur.
Dosent Toğrul Xəlilov Qazma, Kilid, Daşqala mağaraları, Kültəpə, Ovçular təpəsi, Xələc, Maxta, Sədərək, Zirincli abidələri, Oğlanqala, Plovdağ yaşayış yeri, burada aparılan arxeoloji qazıntılar barədə məlumat verib. Vurğulayıb ki, Plovdağda aşkar edilmiş Erkən Tunc dövrünün yaşayış və təsərrüfat tikililəri, Oğlanqaladan əldə olunmuş saray qalıqları, sütun altlıqları Naxçıvanın zəngin tarixindən xəbər verir. Ovçular təpəsi, I Maxta Kültəpəsi, Xələc abidələrindən tapılmış Proto Kür-Araz keramikası Naxçıvanda Kür-Araz mədəniyyətinin formalaşması tarixinin qədim olduğunu sübut edir.
Vurğulanıb ki, arxeoloji ekspedisiyalar zamanı əldə olunan elmi nəticələr monoqrafiyalarda, kitablarda, elmi və publisistik məqalələrdə əksini tapmaqla yanaşı, tədqiqatçıların iştirak etdikləri müxtəlif konfrans və simpoziumlar vasitəsilə dünya elmi ictimaiyyətinə təqdim olunur.
Məruzədən sonra mövzu ilə bağlı müzakirə aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib