AMEA Naxçıvan Bölməsi

Xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasəti insanlıq tarixi üçün qara ləkədir


01.04.2022 / 12:12Tədbirlər



AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası olub. Bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev “Azərbaycanlılara qarşı soyqırımı cinayətləri və onların pərdəarxası” mövzusunda elmi məruzə edib. Məruzədə “soyqırımı” anlayışı, beynəlxalq hüquqi sənədlərdə bu məfhumun izahı ilə bağlı əksini tapan fikirlərə diqqət çəkilib. Soyqırımı aktlarının bəşər tarixi üçün qara ləkə olduğu vurğulanıb. “Tarixi həqiqətlərə və beynəlxalq təşkilatların qəbul etdiyi müddəalara əsaslanaraq tam əminliklə deyə bilərik ki, 1918-ci ilin Mart və 1992-ci ilin Xocalı qətliamları, sözün əsl mənasında, soyqırımı aktlarıdır”,- söyləyən alim 200 illik tarixi keçmişimizə nəzər salıb. Erməni millətçilərinin bəzi xarici qüvvələrin havadarlığı ilə hərəkət etdiyini, məhz bu məqsədlərə xidmət nümunəsi kimi XIX əsrin II yarısından başlayaraq terror təşkilatlanmasına başladıqlarını bildirib.

XX əsrdə azərbaycanlılara qarşı törədillən qırğınları xronoloji təhlilə cəlb edən tədqiqatçı 1918-ci il soyqırımı zamanı Bakıdakı qətliam şahidlərinin söylədikləri faktları, həmin dəhşətdolu hadisələrin təsvir olunduğu fotolarda əksini tapan görüntüləri dinləyicilərlə bölüşüb. Belə qeyri-insani cinayətlərinŞamaxı, Quba, Gəncə, Lənkəran, Qarabağ və Naxçıvanda də törədildiyini diqqətə çatdırıb.

Daha sonra gündəlikdəki digər məsələlər müzakirə olunub. 21 sentyabr 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən AMEA Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilən tapşırıqların icra vəziyyəti müzakirə olunub. Məsələ ilə bağlı elmi-tədqiqat müəssisələri rəhbərlərinin çıxışları dinlənilib. Bölmə rəhbəri artıq tamamlanmış bəzi işlərin icra keyfiyyətinin artırılması məqsədilə müvafiq tapşırıqlar verib.

İclasda həmçinin Naxçıvan Muxtar Respublikası rayonlarının tarixinin yazılmasının vəziyyəti, elmi-tədqiqat müəssisələrinin şöbə və laboratoriyalarının kompektləşdirilməsi, elmi-tədqiqat ekspedisiyalarının təşkili və gündəlikdəki digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.