АMЕА-nın Nахçıvаn Bölməsində Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərman Xəlilovun 70 illik yubileyi ilə əlaqədar tədbir olub.
Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Alim çıxışı zamanı yubilyarın həyat və fəaliyyətinə nəzər salıb, onu tədqiqatçı və pedaqoq kimi xarakterizə edib, mühüm insani keyfiyyətlərindən söz açıb. Vurğulanıb ki, daşıdığı məsul vəzifələrin öhdəsindən uğurla gələn, təşəbbüskarlığı, elmi yaradıcılığa sevgisi, yenilikçi fikirləri ilə hər zaman seçilən arxivşünas alim Fərman Xəlilov 20-ə yaxın kitab və monoqrafiyanın, 200-ə yaxın elmi məqalənin müəllifidir. O, sahib olduğu məziyyətlərə, eləcə də müəllifi olduğu əsərlərin elmi əhəmiyyətinə, əhatəlilik səviyyəsinə, tərtib keyfiyyətlərinə görə gənc nəsil tədqiqatçılar üçün nümunədir.
Bölmə rəhbəri Fərman Xəlilovu 70 illik yubileyi münasibətilə təbrik edib, yubilyarı AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edib.
Tədbirə onlayn qoşulan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı-direktoru, filologiya elmləri doktoru Paşa Kərimov Fərman Xəlilovu əlyazmaçı alim, zəhmətkeş və ömrünü elmə həsr edən tədqiqatçı kimi səciyyələndirib. Alimin elmi yaradıcılığı haqqında fikirlərini bölüşüb, ona öz xoş diləklərini çatdırıb.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli yubiley tədbirində “Filologiya elmləri doktoru Fərman Xəlilovun həyatı, elmi və pedaqoji fəaliyyəti” mövzusunda məruzə edərək alimin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, görkəmli alim, filologiya elmləri doktoru Fərman Yunis oğlu Xəlilov 31 mart 1952-ci ildə Naxçıvan şəhərində müəllim ailəsində dünyaya göz açmışdır. Hələ məktəb yaşlarından ictimai fəallıq nümayiş etdirmiş, orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olunmuşdur. Tələbəlik illərində dəeyni fəallığı davam etdirmiş, müxtəlif konfranslarda Naxçıvan teatrı və maarif tarixi ilə bağlı məruzələr etmiş, kiçikhəcmli təmsillər yazmış, “Şərq qapısı” və başqa qəzetlərdəməqalələr dərc etdirmişdir.
Fərman Xəlilov “Mirzə Əli Möcüzün yaradıcılıq yolu” adlı namizədlik, “Mirzə Əli Möcüz: mühiti, müasirləri və ədəbi irsi” adlı doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. O, apardığı uzunmüddətli tədqiqatlar, arxiv və kitabxanalardan topladığı materiallar, araşdırdığı ən incə məsələlər nəticəsində möcüzşünas alim kimi püxtələşmişdir.Fəaliyyətinin 40 ilini şərəfli müəllimlik peşəsinə həsr edən Fərman Xəlilov pedaqoji fəaliyyətlə yanaşı, elmi axtarışlarını da davam etdirmişdir.
Onun çap olunmuş kitabları və məqalələri özünün mövzu-problematika aktuallığı, elmi təhlillərin dərinliyi və dolğunluğu ilə səciyyələnir. Araşdırmaları daha çox Cənubi Azərbaycan ədəbiyyatı və Naxçıvanla bağlı tədqiqatları əhatə edən Fərman Xəlilovun elmi yaradıcılığında Naxçıvan teatrı, maarifçilik hərəkatı, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əliqulu Qəmküsar, Əziz Şərif və digərləri ilə bağlı dəqiqləşdirdiyi mətləblər xüsusilə diqqət çəkir.
Elmi yaradıcılığının son 10 ilini AMEA Naxçıvan Bölməsi ilə bağlayan alim 2013-cü ilin noyabr ayından İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Ədəbiyyatşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmış, 2016-cı ildən günümüzədək AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru kimi məsul vəzifəni uğurla icra etməkdədir.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Zülfiyyə İsmayıl, Elmi Kitabxananın direktoru Sahab Əliyeva, Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli, Əlyazmalar Fondunun şöbə müdiri Fəxrəddin Eylazov və yubilyarın oğlu Yunis Xəlilov tədbirdə çıxış edərək Fərman Xəlilovun həyat və yaradıcılığının müxtəlif məqamlarına diqqət çəkib, onun bir dost, ata, alim, rəhbər kimi kefiyyətlərindən söz açıblar.
Sonda çıxış edən səbəbkar Fərman Xəlilov ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüb. Naxçıvanda elmin inkişafına, elm adamlarına göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərliyinə minnətdarlığını bildirib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib