AMEA Naxçıvan Bölməsi

Yaz günbərabərliyi günümünasibətilə seminar olub


18.03.2022 / 16:37Tədbirlər



AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasında Naxçıvan Dövlət Universitetinin Fizika ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə “Yaz günbərabərliyi günü"nə həsr olunmuş elmi-praktiki seminar keçirilib.
Rəsədxananın baş direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev çıxış edərək Yaz günbərabərliyinin mahiyyəti haqqında yığcam məlumat verib. Alim bildirib ki, bu astronomik hadisənin Novruz bayramı ilə eyni vaxtda baş verməsi təsadüfi deyil. Bu fakt əcdadlarımızın ətraf aləm haqqında kifayət qədər dolğun məlumata malik olmasının sübutudur.
Daha sonra rəsədxana əməkdaşlarından Faidə Hüseynovanın “Günəş sistemi və onun öyrənilməsi metodları haqqında”, Vəfa Qafarovanın “Yer kürəsinin bir planet kimi fiziki və dinamik xüsusiyyətləri” və dosent Qulu Həziyevin “Fəsillərin əmələ gəlməsinin astronomik və fiziki əsasları” mövzularında məruzələri dinlənilib.
Naxçıvan Dövlət Universitetinin Ümumi və nəzəri fizika kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Billurə Hacıyeva tədbirdə çıxış edərək keçirilən elmi seminarların tələbələrin bilik dairəsinin genişləndirilməsində, bəzi faktların daha dərindən mənimsənilməsindəki önəmindən söz açıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, məruzə mövzuları ilə bağlı geniş müzakirə aparılıb.