Martın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Naxçıvan yallıları” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan mərkəzin elmi katibi Nihad Tarverdiyev muxtar respublikada xalq yaradıcılığının, folklor nümunələri və milli dəyərlərin yaşadılmasına, gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı göstərildiyini, bu sahədə mühüm tədbirlərin həyata keçirildiyini söyləyib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalq yaradıcılığının müasir dövrümüzdə inkişafına yeni istiqamət vermişdir.
Natiq qədim köklərə malik milli musiqi tariximizdə özünəməxsus yeri olan, xalq yaradıcılığının tərkib hissəsi yallı sənətinin Naxçıvanda yaşadılması və təbliği istiqamətində həyata keçirilən mühüm tədbirlər bəhs edib. Bildirilib ki, “Yallı”, “Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi muxtar respublikamızda aparılan mədəniyyət siyasətinin bəhrəsi olmaqla yanaşı, həm də mənfur qonşularımızın milli dəyərlərimizi mənimsəmə cəhdlərinə tutarlı zərbə olmuşdur. Bu addım yallının məhz Azərbaycan xalqına məxsusluğunu bir daha təsdiq etdi .
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova tədbirdə çıxış edərək yallı sənətinin Naxçıvanda yaşadılması və təbliği istiqamətində görülən işlərdən danışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamının yallıların tədqiqi, təbliği və qorunmasına göstərilən dövlət qayğısının bariz təzahürü olduğunu nəzərə çatdırıb. O, muxtar respublikada keçirilən “Yallı” festivallarının milli dəyərlərimizin yaşadılması baxımından böyük əhəmiyyət kəsb etdiyini, “Tənzərə”, “Xələfi”, “Köçəri”, “Baharı”, “El yallısı”, “Hoynəri”, “Üç ayaq”, “Tirməşal”, “Qənimo”, “Söylə”, “Tello” kimi yallı və digər rəqslərin mükəmməl ifasının gələcəkdə də bu çoxəsrlik xalq sənətinin qorunub yaşadılacağına, layiqli təbliğinə zəmanət verdiyini vurğulayıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mərkəzdə yaradılan kitab sərgilərinə baxış olub.