AMEA Naxçıvan Bölməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib


28.03.2022 / 17:41Tədbirlər



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Elm Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Elm Gününün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən mart 27-sində qeyd olunduğunu diqqətə çatdıran alim vurğulayıb ki, bu tarix AMEA-nın yarandığı günə təsadüf edir. Məhz bu fakt ölkə başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıyla yanaşı, həm də onun elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov bildirib ki, Ümummilli lider Heydər Əliyevin böyük diqqət yetirdiyi Azərbaycan elminin inkişaf konsepsiyası bu gün dövlət siyasətinin mühüm tərkib hissəsi kimi uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı il 14 iyun tarixli Fərmanı ilə “Elm haqqında” qanunun qəbul edilməsi, 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-sinin Azərbaycan Respublikasında “Elm günü” kimi təsis edilməsi ilə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin 2002-ci il avqustun 7-də AMEA-nın Naxçıvan Bölməsinin yaradılması haqqında imzaladığı tarixi sərəncam ilə muxtar respublikanın elmi mühiti mərkəzləşmiş, sistemli və davamlı inkişaf  mərhələsinə qədəm qoymuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələri üçün yeni binalar tikilmiş və ya əsaslı təmir olunaraq yeni avadanlıqlarla təchiz edilmişdir. Nəticədə bölmənin yüksək ixtisaslı əməkdaşları tərəfindən Naxçıvanın qədim və müasir dövr tarixi, ədəbi mühiti, folkloru, biomüxtəlifliyi, faydalı qazıntıları və digər bu kimi mühüm sahələri tədqiq edilərək öyrənilmiş və bu səmərəli fəaliyyət bu gün də yüksək fəallıqla davam etdirilir. Əldə olunan yeniliklər dünyanın nüfuzlu elmi jurnallarında işıqlandırılır. Ötən dövr ərzində Naxçıvan Bölməsinin və ali təhsil müəssisələrinin elmi heyəti çoxsaylı yerli və beynəlxalq elmi konfranslarda, simpoziumlarda yüksək fəallıq nümayiş etdirmiş, elmə öz töhfələrini verməyə çalışmışlar. Muxtar respublika alimlərinin dünyanın bir sıra beynəlxalq nüfuzlu elmi tədqiqat mərkəzləri tərəfindən mükafatlandırılması, medallara layiq görülməsi, beynəlxalq elmi qurumların, jurnalların redaksiya heyətinə üzv seçilməsi elmi əlaqələrinin inkişafının mühüm göstəricisidir.

Naxçıvan Muxtar Respublikasında elmin davamlı inkişafını təmin etmək məqsədilə həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edən Emin Məmmədov Elm Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, muxtar respublika alimlərinin bundan sonrakı fəaliyyətlərində də yüksək peşəkarlıq nümayiş etdirərək Azərbaycanşünaslığa, bütövlükdə dünya elminə öz töhfələrini verəcəyinə inam ifadə edib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tədbirdə “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaranması, fəaliyyəti və inkişafı” mövzusunda məruzə edib.

Məruzədə 1945-ci ildə təsis olunmuş Azərbaycan Milli Elmlər Akademiyasının tarixinə nəzər salınıb, keçdiyi inkişaf yolu şərh olunub. “Akademiyanın inkişafının ən əlamətdar dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir”,- söyləyən akademik müstəqillik dövründə elm sahəsində atılan uzaqgörən addımlardan bəhs edib. Qeyd olunub ki, AMEA-nın Naxçıvan Bölməsi dahi rəhbər Heydər Əliyein 7 avqust 2002-ci il tarixli sərəncamı ilə Naxçıvan regional elmi mərkəzi, Naxçıvan elmi tədqiqat bazası, Şamaxı Astrofizika Rəsədxanasının Batabat və Ağdərə stansiyalarının bazası əsasında yaradılmışdır. Faktiki olaraq 2003-cü ilin yanvar ayından fəaliyyət göstərən Naxçıvan Bölməsinin tədqiqat istiqaməti kimi Naxçıvanın tarixinin, arxeologiyasının, etnoqrafiyasının, folklorunun, onomastikasının, ədəbi mühitinin, mədəniyyətinin, biomüxtəlifliyinin, təbii ehtiyatlarının, nadir əlyazmaların öyrənilməsi müəyyənləşdirilmişdir. Aparılan sistemli araşdırmalar sayəsində uğurlu elmi nəticələr əldə olunmuşdur

Natiq Naxçıvan Bölməsinin 2003-2021-ci illəri əhatə edən 19 illik fəaliyyətini təhlil edib. Diqqətə çatdırıb ki, bölmə əməkdaşlarının bu dövr ərzində 252 monoqrafiya, 235 kitab, 9725 məqalə, 233 tezis, 6 dərs vəsaiti, 30 metodik vəsait, 54 buklet, 25 atlas və xəritə, 5 tövsiyə olmaqla, ümumilikdə 10489 elmi əsəri nəşr olunmuşdur. Əsərlərdən 28 monoqrafiya, 19 kitab, 2073 məqalə, 84 tezis xaricdə çapdan çıxmış, 90 məqalə yüksək impakt faktorlu jurnallarda, 650-ə yaxın məqalə isə beynəlxalq kodlu elmi jurnallarda işıq üzü görmüşdür.

Məruzədə Naxçıvan Bölməsində həyata keçirilən kadr hazırlığı, beynəlxalq aləmə inteqrasiya, aparılan beynəlxalq və respublika əhəmiyyətli arxeoloji ekspedisiyaların nəticələri, həyata keçirilən tətbiq yönümlü işlərin vəziyyəti və başqa mühüm mələlələrə nəzər salınıb.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində ictimai və humanitar elmlərin inkişafı”, Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində təbiət və texniki elmlərin inkişafı”, Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov “AMEA Naxçıvan Bölməsində elmin beynəlxalq aləmə inteqrasiyası” başlıqlı məruzələr ediblər.

Məruzələrdə Naxçıvanda ictimai, humanitar, təbiət və texniki elm sahələrində aparılan araşdırmaların tarixinə, mahiyyətinə, keçdiyi inkişaf yoluna nəzər salınıb, müstəqillik dövründə, xüsusilə 1995-ci ildən başlayaraq muxtar respublikada elmi həqiqət və yeniliklərin dünya elmi ictimaiyyətinə çatdırılması, peşəkar yüksək ixtisaslı kadrların hazırlanması, elmimizin gələcək inkişafına yönəlmiş məqsədyönlü fəaliyyətdən bəhs olunub. Dünyanın nüfuzlu elm mərkəzləri, elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığın vəziyyəti və əhəmiyyəti şərh olunub.