AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan folklor örnəklərinin tədqiqinə həsr olunmuş iki monoqrafiyanın təqdimatı keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri açaraq muxtar respublikada son illər mənəvi dəyərlərin, folklor nümunələrinin tədqiqi ilə bağlı görülən işlərdən söz açıb. Təqdim olunan monoqrafiyaların həmin işlərin uğurlu davamı olduğunu söyləyən alim əvvəlcə tədqiqatçıların elmi fəaliyyətləri, qısa müddətdə əldə etdikləri nailiyyətlərdən bəhs edib. Diqqətə çatdırıb ki, həm İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun “Folklorda janr daxilində janr” (Naxçıvan örnəkləri əsasında), həm də institutun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Naxçıvan halay və yallıları: tarixi, mənşəyi və fəlsəfi anlamı” adlı monoqrafiyaları əhatəlilik səviyyəsi, dolğunluğu ilə hər iki tədqiqatçının öz sahəsinə bəslədiyi sevginin, peşəkarlığın göstəricisidir.
Təqdimatda onlayn iştirak edən AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli “Milli və mənəvi dəyərlər sistemində halay və yallıların yeri və ona yeni elmi-nəzəri baxış” başlıqlı məruzə edib.
“Halay və yallılar kimi qədim mədəniyyət örnəklərinin mənşəyi, yaranma və yayılma arealı ilə bağlı fərqli fikirlərə rəğmən, bu örnəklərin ərazi baxımından Türk dünyasına məxsusluğu danılmaz faktdır. Məxsusi olaraq Azərbaycan, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası, o cümlədən Dərələyəz mahalı bu rəqslərin, demək olar ki, yarandığı, inkişaf etdiyi, formalaşdığı aktiv məkandır”,- söyləyən alim bu baxımdan Naxçıvanın Şərur rayonunun daha nəzərəçarpan olduğunu qeyd edib.
Məruzəçi A.Cəfərovanın elmi araşdırmalarının əhatə dairəsindən söz açaraq vurğulayıb ki, yeni monoqrafiya Naxçıvan folklor mühitinin tədqiqata cəlb edilməsi baxımından faydalıdır.
Tədbirdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru, dosentlər Nuray Əliyeva və Zülfiyyə İsmayıl “Naxçıvan halay və yallıları: tarixi, mənşəyi və fəlsəfi anlamı” monoqrafiyası haqqında çıxışlarında əsərin əhatə etdiyi fəsillər, müəllifin uğurla apardığı təhlillər, əldə etdiyi elmi nəticələrin əhəmiyyətindən danışıblar. Çıxışlarda Naxçıvan yallılarının araşdırılması, tədqiqi və təbliği məqsədilə həyata keçirilən işlərdən əhatəli bəhs olunub. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunan yeni monoqrafiya bu istiqamətdə görülən ardıcıl işlərin, aparılan tədqiqatların müvəffəq davamıdır.
Daha sonra institutun Ədəbiyyatşünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Folklorda janr daxilində janr” monoqrafiyasının elmə gətirdiyi yeniliklər” mövzusunda məruzə edib.
Məruzəçi qədim tarixə və zəngin mədəniyyətə malik Naxçıvan regionunun folklor örnəkləri əsasında janrlararası əlaqələrin və sintezin araşdırıldığı monoqrafiyanı Azərbaycan folklorşünaslığı, eləcə də ədəbiyyatşünaslıq elminə dəyərli töhfə kimi qiymətləndirib. Qeyd olunub ki, müəllif konkret janrlarla bağlı tədqiqatçıların fikirlərini təhlil etməklə yanaşı, regiona məxsus bəzi nümunələrin tamamilə orijinal üsullarla yaradıldığı qənaətinə gəlmişdir. “Ziyad və Şövkət” dastanı bu fikrin əyani sübutudur. Naxçıvan regionuna məxsus altı dastan nümunəsində istifadə olunan divani, müxəmməs, təcnis, qoşma və gəraylılar üzərində araşdırmaların aparılması bu janrların həm folklor mühitinin öyrənilməsi, həm də Naxçıvandan toplanmış dastanlarda aşıq şeirinin ümumi xüsusiyyətlərinin sistemləşdirilməsi baxımından təqdirə layiqdir.
Tədbirdə çıxış edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Çinarə Rzayeva monoqrafiyada əksini tapan alqış və qarğışların, inam və inancların təhlili məsələsinə diqqət çəkib. Bildirib ki, müəllif E.Məmmədovun tədqiq etdiyi folklor örnəklərinə həssas münasibəti və apardığı təhlilllərin dərinliyi əsərdə aydın şəkildə təzahür edir.
Sonda çıxış edən müəlliflər monoqrafiyaların ərsəyə gəlməsində müntəzəm olaraq iştirak etdikləri ekspedisiyaların mühüm önəmindən, tədqiqatçıların araşdırmalarının səmərəliliyini təmin etmək üçün yaradılan hərtərəfli şəraitdən bəhs edərək göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərliyinə minnətdarlıq ediblər.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib