AMEA Naxçıvan Bölməsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri açaraq 8 Mart – Beynəlxalq Qadınlar Gününün dünyanın əksər ölkələrində, eləcə də ölkəmizdə hər il geniş şəkildə qeyd olunduğunu söyləyib. Azərbaycan qadınının cəmiyyətdəki yeri və rolundan bəhs edən alim qadınların ölkənin ictimai-siyasi, eləcə də mədəni həyatında fəal təmsil olunduğunu diqqətə çatdırıb. Cəmiyyətin mədəni inkişafında qadınların mühüm rola malik olduğunu vurğulayaraq elm, təhsil, səhiyyə, mədəniyyət və başqa sahələrdə çalışan zərif cinsin nümayəndələrinin qazanılan uğurlarda aktiv iştirakından bəhs edib, bəzi statistik göstəriciləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Azərbaycan qadınının olduqca mühüm mənəvi keyfiyyətlərə sahib olduğunu söyləyən akademik qeyd edib ki, tarixin müxtəlif dövrlərində mərd, cəsarətli, zərif Azərbaycan qadını salnamələrdə, ədəbiyyat nümunələrində təsvir olunmuş, mənəvi dəyərlərimizin bir hissəsinə çevrilmişdir. Alim ulu öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi fikirlərdən sitatlar gətirərək ölkəmizdə, eləcə də muxtar respublikada qadınların fəaliyyətinə verilən qiymət, göstərilən dəstək və qayğıdan söz açıb.
Çıxışının sonunda bölmə rəhbəri AMEA Naxçıvan Bölməsində çalışan xanımları təbrik edib, xoş arzularını çatdırıb.
Tədbirdə məruzə edən Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva Azərbaycan qadınını əxlaqi dəyərlərin simvolu, cəmiyyətin inkişafının aparıcı qüvvəsi, vətənpərvər, fədakar, ismətli ana kimi xarakterizə edib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızı işğaldan azad edən qəhrəman oğulları böyüdən analar, cəfakeş şəhid xanımları mətanətli Azərbaycan qadınlarının real ifadəsidir. Azərbaycan qadını yeri gələndə ailəsinin yanında, Vətən tələb edəndə səngərdə düşmənə meydan oxuyan, cəfakeş, cəsarətli şəxsdir.
Məruzəçi çıxışında Ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınına verdiyi yüksək dəyərdən söz açıb. Bildirib ki, Azərbaycan qadını öz soykökünə, xalqının mənəvi dəyərlərinə, adətlərinə sadiq, nəsillərin varisliyini təmin etmək, onu daha da zənginləşdirərək sabaha ötürmək iqtidarındadır.
Daha sonra çıxış edən bölmənin Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev bayramla əlaqədar xanımlara öz səmimi diləklərini bildirib.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib