AMEA Naxçıvan Bölməsi

Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub


24.02.2022 / 17:50Tədbirlər



Fevralın 24-də AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl iclasda “Dilimiz – milli varlığımızdır” mövzusunda elmi məruzə edib.

“Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributdur. Milli varlığımızı mədəni təməllərə bağlayan dilimiz xalqımızın milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur”, - söyləyən tədqiqatçı əsrlərboyu böyük mütəfəkkir və alimlərin ana dilimizə verdiyi dəyərdən söz açıb. M.Kaşğarlının, Ə.Nəvainin türk dili haqqında fikirlərini dinləyicilərin diqqətinə çatdırıb. Qeyd edib ki, İ.Həsənoğlunun qəzəlləri, İ.Nəsiminin fəlsəfi şeirləri, Q.Bürhanəddinin tuyuğları, Şah İsmayıl Xətainin divanı, ustad Füzulinin poetik inciləri məhz Azərbaycan dilində yazılan, ana dilimizin bütün gözəlliklərini, zəriflik və incəliklərini özündə əks etdirən dəyərli xəzinədir.

Alim ana dilimizin mühafizəsi ilə əlaqədar Azərbaycan ziyalıların xidmətlərindən söz açıb. Bildirib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətin nəticəsidir. Həmin siyasət bu gün də onun layiqli davamçıları tərəfindən  uğurla həyata keçirilir.

Məruzədə dövlət müstəqilliyinin bərpasından sonra ana dilinin təbliği sahəsində görülən işlər, imzalanan fərman və sərəncamların mahiyyəti ətraflı şərh olunub.  Nəzərə çatdırılıb ki, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” və digər mühüm fərman və sərəncamların verilməsi, “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ana dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Ümummilli lider Heydər Əliyev siyasi kursunun muxtar respublikada da uğurla davam etdirildiyini söyləyən tədqiqatçı əlaqədar qurumlar tərəfindən tez-tez monitorinqlərin, reydlərin keçirilməsinin müsbət hal olduğunu bildirib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “Oxunması zəruri olan kitabların siyahısı”nın təsdiq olunması, bədii sözün daşıyıcısı olan dəyərli ədəbi nümunələrin gənclərə tövsiyə edilməsi həm də dilimizin təbliğinə verilən qiymət kimi dəyərləndirilməlidir. Bu məqsədyönlü fəaliyyətin nəticəsi olaraq dilimizin tarixinin öyrənilməsi çərçivəsində “Dədə Qorqud yurdu Naxçıvan atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” və başqa fundamental kitabların nəşri eyni zamanda dilimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi məmnunluq doğurur.

Məruzədən sonra İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar İnstitutlarınınElmi Şuralarının yeni tərkibinin, elmi-tədqiqat müəssisələrinin Elmi Şuraların iki illik fəaliyyətinin yoxlanılması məqsədilə yaradılan komissiyanın tərkibinin təsdiq edilməsi vəgündəlikdəki digər məsələlər Rəyasət Heyətinin müzakirəsinə çıxarılaraq müvafiq qərarlar qəbul olunub.