AMEA Naxçıvan Bölməsi

NəsirəddinTusi dünya elmində fundamental əsərlər müəllifidir


17.02.2022 / 17:30Tədbirlər



AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu və Batabat Astrofizika Rəsədxanasının birgə iştirakı ilə böyük Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusinin həyat və fəaliyyətinə həsr olunmuş elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev böyük alim Nəsirəddin Tusinin həyatı və elmi yaradıcılığına nəzər salıb. Onu elmin dühası, fitri-istedada malik elm xadimi kimi xarakterizə edib. Qeyd olunub ki, elmin bütün sahələri üzrə 100-dən artıq əsər müəllifi olan N.Tusi dünyada fundamental əsərlər müəllifi kimi tanınır. O, elm sahəsindəki yüksək nailiyyətləri və uzaqgörənliyi ilə dünya elmini bir neçə əsr qabaqlayan yüksək zəkaya malik elm xəzinəsidir.

Akademik diqqətə çatdırıb ki, N.Tusinin elmi irsi bir çox tədqiqatçılar tərəfindən öyrənilsə də, onun zəngin elmi yaradıcılığının daha dərindən öyrənilməsi, bu araşdırmaların davam etdirilməsi vacibdir.

Bölmənin Təbii Ehtiyatlar İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru  Bayram Rzayev konfransda “Bəşəri düha Nəsirəddin Tusi təlim və tərbiyə haqqında”, Batabat Astrofizika Rəsədxanasının əməkdaşları Vəfa Qafarova “Marağa Rəsədxanasının əməkdaşları” və Faidə Hüseynova “Nəsirəddin Tusi və riyaziyyat”, Batabat Astrofizika Rəsədxanasının baş direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosnet Qulu Həziyev isə “Şərqdə astronomiyanın inkişafında Marağa rəsədxanasının rolu” mövzularında məruzə ediblər.

Məruzələrdə N.Tusinin həyatı, fəaliyyəti, elmi irsi, əsərləri və Marağa rəsədxanası haqqında geniş və maraqlı məlumat verilib. Qeyd olunub ki, N.Tusi humanitar və dəqiq elmlər sahəsində olduqca mühüm əsərlərin müəllifidir. Onun tarix, hüquq, fəlsəfə, tibb, riyaziyyat, astronomiya, fizika, əxlaq normaları və digər sahələrdə qələmə aldığı əsərlər əhatəliliyi ilə diqqəti çəkir. Məruzələrdə N.Tusinin alim və ictimai xadim kimi fəaliyyətindən bəhs olunub, müasirlərinin onun haqqındakı fikirləri diqqətə çatdırılıb. Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanasının və orada yerinə yetirilən işlərin, ümumiyyətlə, astronomiya elminin sonrakı inkişafında müstəsna rola malik olduğu diqqətə çatdırılıb.