AMEA Naxçıvan Bölməsi

Naxçıvan Muxtar Respublikasının yaradılmasından 98 il ötür


09.02.2022 / 17:32Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümü münasibətilə tədbir olub. Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2022-ci il üçün İş Planına əsasən AMEA Naxçıvan Bölməsi və muxtar respublikadakı ali təhsil müəssisələrinin iştirakı ilə keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Alim çıxışında Naxçıvan Muxtar Respublikasının keçdiyi mürəkkəb tarixi inkişaf yoluna nəzər salıb, muxtariyyət statusunun qazanıldığı ərəfədə bölgədə mövcud olan ağır siyasi vəziyyətdən bəhs edib. Tarixin müxtəlif dövrlərində Azərbaycan torpaqlarına köçürülən ermənilərin sonradan Naxçıvanı Azərbaycandan qoparmaq üçün irəli sürdükləri əsassız ərazi iddiaları və naxçıvanlıların əzmkar, inadlı mübarizəsini dinləyicilərin diqqətinə çatdırıb.

“Naxçıvanın muxtariyyət statusu və beynəlxalq müqavilələr” mövzusunda məruzə edən akademik beynəlxalq Moskva və Qars müqavilələrinin muxtariyyət statusunun qazanılmasındakı mühüm rolundan söz açıb. Qeyd edib ki, bu müqavilələr sayəsində Naxçıvanın sərhədləri bir daha dəqiqləşdirilmiş, ermənipərəst havadarların səylərinə, daşnakların ciddi cəhdlərinə, silahlı təxribatlarına rəğmən, Naxçıvan əhalisinin qətiyyəti, qardaş Türkiyənin göstərdiyi dəstək nəticəsində Naxçıvan Azərbaycanın tərkibində saxlanılmışdır.

1920-ci il dekabrın 2-də Rusiya ilə Ermənistan arasında  bağlanmış hərbi-siyasi sazişə əsasən, qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi ilə Naxçı­van məqsədli şəkildə Azərbaycanın əsas ərazisindən ayrı salınmış, ərazilərini başqa dövlətlər hesabına artırmağa alışmış erməni qəsbkarlarının növbəti təxribatları üçün zəmin hazırlanmışdır. Lakin zərurətdən doğan mux­ta­riyyət məsələsinin gündəliyə gəlməsi tarixi torpaqlarımıza yönəlik gələcək işğal planlarının qarşısını almışdır.

Məruzədə muxtariyyətin qazanılmasında Xalq Ədliyyə komissarı Behbud ağa Şahtaxtinskinin misilsiz xidmətlərindən, onun təşəbbüsü ilə Naxçıvanda keçirilən ümumxalq səsverməsinin prob­lemin həllindəki mühüm rolundan bəhs olunub. Moskva və Qars müqavilələrinin imzalanması ərəfəsində aparılan danışıqlar, tərəflərin mövqeyi və Naxçıvan məsələsinin mühümlüyü vurğulanıb. Müqavilələrin böyük tarixi önəmindən danışan alim bildirib ki,1921-ciil referendumu, eləcə də Moskva və Qars müqavilələri bölgənin gələcək taleyini müəyyənləşdirmiş, həmin bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası yaradılmışdır.

Akademik həmçinin Moskva və Qars müqavilələri ilə müəyyənləşdirilən ərazilər, Rusiyanın sərgilədiyi qərəzli mövqe, geosiyasi maraqlar nəzərə alınmaqla o dövrün böyük dövlətlərinin Naxçıvanla bağlı planlarını təhlil edib.

Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində” başlıqlı məruzəsində muxtar respublikanın 30 illik inkişafına nəzər salıb. Vurğulanıb ki, ötən müddət ərzində muxtar respublikanın gələcək inkişafı istiqamətində atılan uzaqgörən addımlar sayəsində həyatın bütün sahələrində yüksək göstəricilərin qeydə alınmışdır. Ərazi, ərzaq, enerji təhlükəsizliyi sahəsində görülən ardıcıl tədbirlər, kənd təsərrüfatı, iqtisadiyyat, sənaye və başqa önəmli sahələrdə həyata keçirilən islahatların nəticəsi qazanılan uğurlarda əksini tapmışdır.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosentAzad Novruzov tədbirdə “Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı” mövzusunda məruzə edib. Məruzəçi ötən əsrin 20-ci illərindən başlayaraq Naxçıvanda elm və təhsilin inkişafından söz açıb. Naxçıvanda təhsil sisteminin keçdiyi inkişaf yoluna nəzər salan rektor muxtar respublikada fəaliyyət göstərən ali, orta, ümumi və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı statistik göstəriciləri diqqətə çatdırıb, həyata keçirilən elm və təhsil siyasətinin mahiyyətindən söz açıb.

“Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva isə “Muxtariyyət dövründə Naxçıvan ədəbi mühiti” mövzulu məruzəsində muxtariyyət dönəmində Naxçıvanda fəaliyyət göstərmiş ədəbi məclis və birliklərdən, Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndələrindən, onaların yaradıcılığının ümumi cəhətlərindən danışıb. Qazanılan hərtərəfli inkişafın mədəniyyət sahəsində də aydın təzahür etdiyini söyləyib.