AMEA Naxçıvan Bölməsi

AMEA Rəyasət Heyətinin iclası keçirilib


26.01.2022 / 22:11Tədbirlər



Yanvarın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər - Arif Həşimov, İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyev, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov və aidiyyəti şəxslər iştirak ediblər.

İclasda, o cümlədən AMEA-nın Naxçıvan Bölməsinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Bununla bağlı çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev vurğulayıb ki, bölmədə əsasən Naxçıvanın tarixi, etnoqrafiyası, epiqrafikası, arxeologiyası, maddi mədəniyyəti, ədəbi mühiti, folkloru və əlyazmalarının toplanılması və tədqiqi, o cümlədən təbii sərvətlərinin, ekocoğrafi şəraitinin, pоtensial enerji mənbələrinin, səma cisimlərinin, flоra, fauna, tоrpaq örtüyünün, iqtisadi inkişafının öyrənilməsi istiqamətində araşdırmalar aparılır.

Alimin sözlərinə görə, Naxçıvan Bölməsində plana uyğun olaraq 6 elmi istiqamətdə 6 problemi əhatə edən, 7 mövzuya daxil olan 37 işin 100 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulub, 88 mərhələ üzrə tədqiqatlar tamamlanıb və 6 mühüm elmi nəticə əldə olunub, 4 iş isə tətbiq edilib. Eyni zamanda Biləv alüminium süxurundan kalium alüminium zəyi alınıb, Qabıllı və Duzdağ gilindən yuyucu vasitələrin istehsalı üçün hazırlıq işləri aparılır, eləcə də “ZK-4 tipli seolitin alınma üsulu”, üzüm sortu “Bayanşirə süfrə” adlı 2 patent və “At fiqurlu səki daşı” adlı 1 sənaye nümunəsi təsdiq olunub.

Akademik bölmədə “Günəş çeviricilərində, çaylarda və külək qurğularında hasil olunan enerjinin toplanması (akkumulyasiya) növlərinin yerli şəraitə uyğun olaraq araşdırılması”, “Tranzit çayların qidalanma rejimi və onlara təsir edən parametrlər (iqlim şəraiti)”, o cümlədən Azərbaycanın ədəbi, tarixi, mədəni irsinin tədqiqi, Azərbaycan həqiqətlərinin təhrif olunmasına yönəlmiş saxta iddialara qarşı elmi əsaslandırılmış arqumentlərin işlənilməsi ilə bağlı tədqiqatların aparıldığını deyib.

Natiq bildirib ki, 2021-ci ildə bölmə əməkdaşlarının 15 monoqrafiyası, 11 kitabı, 1 kitabçası, 2 metodik vəsaiti, 457 elmi məqaləsi, 182 konfrans materialı, 5 tezisi olmaqla 672 elmi əsəri çap olunub. Üç buklet, 3 xəritə tərtib edilib, 2 patent və 1 sənaye nümunəsi təsdiqlənib. Əsərlərdən 3 monoqrafiya, 75 məqalə, 77 konfrans materialı, 4 tezis olmaqla, cəmi 159 əsər xaricdə nəşr edilib. Məqalələrin 17-si “Clarivate Analytics” olmaqla, 46-sı impakt faktorlu jurnallarda çapdan çıxıb. Elmi məqalələrin 70-i xaricdə olmaqla 337-si beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda işıq üzü görüb. Həmçinin bölmədə 1 beynəlxalq, 2 respublika, 5 muxtar respublika, 13 bölmə səviyyəli konfransın, 10 tədbirin, oxunması zəruri olan 5 kitabın müzakirəsinin və 9 təqdimatın keçirildiyi bildirilib.

Daha sonra hesabat ətrafında müzakirələr aparılıb, Naxçıvan Bölməsinin 2021-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib, Rəyasət Heyətinin qərarı ilə bölməyə müvafiq tapşırıqlar verilib.

Təqdim olunmuş hesabatlar ətrafında AMEA Rəyasət Heyətinin üzvləri – akademiklər Arif Həşimov, İbrahim Quliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Fikrət Əliyev və Adil Qəribov çıxış edərək fikir və mülahizələrini bildiriblər.