AMEA Naxçıvan Bölməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırışaltıncı sessiyasının yekunları müzakirə edilib


07.01.2022 / 17:15Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində 29 dekabr 2021-ci il tarixli altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar tədbir keçirilib.

Tədbiri açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev 2021-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu diqqətə çatdıraraq ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ problemin həlli istiqamətindən həyata keçirilən tədbirlərdən, işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işlərindən söz açıb. Bildirib ki, ordu quruculuğu sahəsində atılan möhtəşəm addımlar və  yeni-yeni işlər bu siyasətin uğurlu davamıdır.

Daha sonra akademik İsmayıl Hacıyev “Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının yekunları və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr”lə bağlı məruzə edib. Muxtar respublikada davamlı və kompleks inkişafın təmin olunduğunu söyləyən alim bildirib ki, ümumi daxili məhsul istehsalının 3 milyard manatdan çox olması, sənaye və kənd təsərrüfatı sahəsində aparılan kompleks addımlar bu inkişafa öz töhfəsini vermişdir.

Akademik AMEA Naxçıvan Bölməsində 2021-ci ildə yerinə yetirilən işlər və əldə olunan nailliyyətlər haqqında məlumat verib. Bildirib ki, bölmədə 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzu üzrə 37 iş 88 mərhələdə yerinə yetirilib, 6 mühüm nəticə əldə olunub. 2 akademik, 4 müxbir üzv, 5 elmlər dоktоru, 49 fəlsəfə dоktоru, 28 doktorant və dissertantdan ibarət 88 əməkdaş tərəfindən aparılan tədqiqatlar 15 monoqrafiya, 11 kitab, 1 kitabça, 2 metodik vəsait, 457 elmi məqalə, 182 konfrans materialı, 5 tezis olmaqla 672 elmi əsərdə əksini tapıb. 3 buklet, 3 xəritə tərtib edilib, 2 patent və 1 sənaye nümunəsi təsdiq olunub. Əsərlərdən 159-u xaricdə nəşr olunub. 46 məqalə impakt faktorlu jurnallarda çapdan çıxıb, bunlardan 17-si Clarivate Analytics indekslidir. Bölmə əməkdaşlarının əsərlərinə il ərzində 880 istinad qeydə alınıb. Bölmədə 2 beynəlxalq səviyyəli qrant layihənin icrası uğurla davam etdirilib.

“Elmi əsərlər” və “Axtarışlar” jurnallarının hər birinin dörd nömrəsi işıq üzü görüb. Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsi, “Elmi əsərlər” jurnalının Aşıq Ələsgərin 200 və Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileylərinə həsr olunan xüsusi nömrələri nəşr olunub.

Bölmədə bir beynəlxalq səviyyəli, 2 respublika səviyyəli, 5 muxtar respublika səviyyəli, 13 bölmə səviyyəli elmi konfrans, 10 tədbir, Oxunması zəruri olan 5 kitabın müzakirəsi və 9 təqdimat keçirilib.

  Məruzədə həmçinin kadr hazırlığı məsələsi də diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 1 nəfərə elmlər doktoru elmi dərəcəsi, 2 nəfərə dosent elmi adı verilib. Əməkdaşlardan 1 nəfər elmlər doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib, 2 nəfərin elmlər doktoru dissertasiya işi isə seminardan keçərək müdafiə buraxılıb, 2 əməkdaşın doktorluq işi isə müdafiə ərəfəsindədir. Bölmədə fəaliyyət göstərən Dissertasiya Şurasında 7 fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidentinin məktubunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə AMEA Naxçıvan Bölməsində YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına dair tədbirlər həyata keçirildiyini söyləyən alim söyləyib ki, layihə çərçivəsində geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və ətraflı geoloji-geomorfoloji təsviri istiqamətində işlər görülüb, geopark ərazisinin ümumi, geoloji, geomorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri tərtib edilib. Əlavə obyektlər üçün təsdiq edilmiş formada pasportlar hazırlanıb.

Diqqətə çatdırılıb ki, 16 adda bitki qarışıqlarından dərman paketlərinin hazırlanması, Şorsu palçığının və quru qalığının istehsalı, satışı işi davam etdirilib. Propolis, çaytikatı yağı, alma sirkəsi, gülab istehsal edilib, paketlənmiş zəfəran qurusu, müxtəlif meyvə quruları, kompot, cem və şirələr hazırlanıb.

İl ərzində dünyanın 20-dən artıq ölkəsinin elm, təhsil müəssisələri və mütəxəssisləri ilə sıx elmi əlaqələr davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin AMEA Naxçıvan Bölməsinə hamiliyə verilmiş 10 ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə elmi-praktiki seminarlar keçirilib. Bölmənin 45 elmi dərəcəli əməkdaşı 8 fənn üzrə nümunəvi dərslər  tədris etmiş, 7 elmi əməkdaş 8 interaktiv dərs aparmışdır.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birlikdə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək, fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib və uğurlu nəticələr qazanıblar.

Akademik 21 sentyabr 2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müşavirədə verdiyi tapşırıqlardan söz açıb. Elm festivalının keçirilməsi, rayonların tarixinin işlənilməsi, Naxçıvanın qədim türk yurdu olması ilə bağlı tədqiqatların əhatə dairəsinin genişləndirilməsi, çoxcildlik “Naxçıvan etnoqrafiyası”nın hazırlanması, arxeoloji ekspedisiyaların davam etdirilməsi, “Naxçıvan folkloru”, Naxçıvanın müasir ədəbi mühitinin tədqiqi, xalq deyimlərinin toplanılması, tətbiqyönümlü araşdırmaların aparılması, qədim əlyazma və çap kitablarının tədqiqi və nəşri, eləcə də digər mühüm vəzifələrin müəyyənləşdirildiyini söyləyən alim bildirib ki, qeyd olunan tapşırıqların yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir. Bununla əlaqədar olaraq Naxçıvan Bölməsinin elmi tədqiqat müəssisələrində tədbirlər planı hazırlanmış, əsaslı araşdırmaların aparılması üçün işçi qrupları yaradılmışdır. Nəzərdə tutulan işlərin icra vəziyyəti ilə bağlı məlumat verən bölmə sədri tədqiqatların daha səmərəli və vaxtında yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verib.

Məruzənin ardından bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli, Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev və Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov çıxış ediblər. Çıxışlarda bildirilib ki, 2021-ci ildə muxtar respublikada inkişafın bütün parametləri üzrə artımın müşahidə olunması, yeni obyektlərin tikilərək istifadəyə verilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər həyata keçirilən uğurlu fəaliyyətin nəticəsidir. Ərazi, ərzaq və enerji təhlükəsizliyinin tam təmin olunması bu müvəffəq nəticələrin əsasıdır.

Çıxış edənlər müəyyənləşdirilən yeni məqsəd və vəzifələrin mühüm elmi əhəmiyyətini vurğulayaraq bildiriblər ki, bölmə əməkdaşları bu fəaliyyətin icrasında fəal iştirak edəcək, bu inkişafa layiqli töhfə verməyə çalışacaqlar.