Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin direktoru Elşad Əsgərov AMEA-nın Naxçıvan Bölməsinin qonağı olub.
Yığıncağı açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev dünya üzrə biomüxtəlifliyin deqradasiyası probleminin artdığını və bu məsələyə dünya dövlətlərinin diqqətli yanaşmalı olduğunu söyləyib. Bu qlobal təbiət probleminin əksinə olaraq Naxçıvan Muxtar Respublikası ərazisində bitki və heyvanat aləminin zənginləşdiyini diqqətə çatdıran alim bildirib ki, yaşıllıqların artırılması, meşə örtüyünün ilbəil genişləndirilməsi, heyvanların ovlanmasına qadağaların qoyulması biomüxtəlifliyin zənginləşməsinə səbəb olmuşdur. Muxtar respublika ərazisində təbiətin mühafizəsi istiqamətində görülən işlər, ekspedisiyaların təşkilinə göstərilən dəstəkdən bəhs edən alim göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərliyinə minnətdalığını bildirib.
Akademik söyləyib ki, heyvanların sayında müşahidə edilən artımın müntəzəm izlənilməsi, qeydlərin aparılması, dünyaya çatdırılması Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyi ilə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşlığının səmərəli fəaliyyətinin nəticəsidir.
Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin direktoru Elşad Əsgərov yığıncaqda çıxış edib. Naxçıvanda olmaqdan məmnunluq ifadə edən qonaq bildirib ki, layihənin başlaması ideyası məhz axtarışlar zamanı ilk dəfə olaraq Ordubad rayonu ərazisində bəbirin qeydə alınması ilə başlamış, sonradan bu areal daha da genişlənmişdir.
Nümayiş olunan təqdimat vasitəsilə görülən işlər, əldə olunan uğurlar, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan planlar barədə məlumat verən Elşad Əsgərov çöl ekspedisiyaları zamanı istifadə olunan foto-tələlərdən və GPS xaltalardan bəhs edib. Bildirilib ki, bu müasir avadanlıqların heyvanların miqrasiya trayektoriyasının müəyyənləşdirilməsində böyük rolu vardır. Aparılan monitorinqlər sayəsində Naxçıvan ərazisində bir sıra heyvan növlərinin sayında artım müşahidə olunub. Bu isə Naxçıvan Muxtar Respublikası ərazisində heyvanların qanunsuz ovlanmasına qadağa qoyulması, bitki örüyünün artması və təbiətə göstərilən qayğı sayəsində mümkün olmuşdur. Dağ keçisi və muflonların təbii artımı burada yaşayan bəbirlərdə də nəsil artımının müşahidə olunmasına səbəb olmuşdur.
Daha sonra Elşad Əsgərov daha uzunmüddətli və aydın qeydə alma keyfiyyətinə malik yeni foto-tələləri Bölmənin Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədova təqdim edib.
Tədbirdə çıxış edən biologiya elmləri doktoru İsmayıl Məmmədov Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyi ilə aparılan səmərəli əməkdaşlıqdan söz açıb. 2006-cı ildən başlayaraq aparılan məhsuldar fəaliyyətlə bağlı yığcam məlumat verib, ekspedisiyalar zamanı diqqət çəkən məqamlara toxunub. Vurğulayıb ki, Naxçıvan Muxtar Respubikasında bəbirin monitorinqinin aparılması və onun mühafizə strategiyasının öyrənilməsi istiqamətində görülən işlər, bu günə qədər əldə olunan nailiyyətlər bəbirin sayının ərazidə daha da artacağına dəlalət edir. Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyi ilə əməkdaşlığın uğurlu davamına əminliyini bildirib.
Sonda Elşad Əsgərov tədbir iştirakçılarının suallarını cavablandırıb.