Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində 2021-ci ildə yerinə yeirilən elmi və elmi-təşkilati işlərlə bağlı yekun hesabat iclası keçirilib.
İclası giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev keçirilən hesabat tədbirlərinin istər bölmənin elmi-tədqiqat müəssisələrinin, istərsə də əməkdaşların elmi fəaliyyətinin fərdi qaydada təhlilində, gələcəkdə diqqət yetirilməli məqamların müəyyənləşdirilməsində xüsusi rolu olduğunu bildirib.
Qeyd olunub ki, 2021-ci ildə Naxçıvan Bölməsində Azərbaycan Respublikasının Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetinin fərman, sərəncam və qərarları, AMEA-nın Rəyasət Heyətinin sərəncam və qərarlarından irəli gələn vəzifələr icra edilib. Bölmə əməkdaşlarının 9 Dövlət Proqramının icrasında iştirak etdiyini söyləyən natiq cari ildə bölmədə yerinə yetirilən xüsusi əhəmiyyətli işlər və nəzərdə tutulan məqsədlərdən bəhs edib.
Bölmənin Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov AMEA Naxçıvan Bölməsinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatını təqdim edib.
Tədqiqatçı diqqətə çatdırıb ki, hesab dövründə elmi-tədqiqat işlərinin təsdiq edilmiş planına uyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzu üzrə 37 iş 88 mərhələdə yerinə yetirilib, 6 mühüm nəticə əldə olunub. Tədqiqatlar 2 akademik, 4 müxbir üzv, 5 elmlər dоktоru, 49 fəlsəfə dоktоru, 28 doktorant və dissertant оlmaqla 88 elmi və köməkçi heyət tərəfindən yerinə yetirilib.
Dosent Orxan Bağırov AMEA Naxçıvan Bölməsinin ümumi və bölməyə daxil olan hər bir elmi-tədqiqat müəssisəsinin fəaliyyətini ayrı-ayrılıqda təqdim edib. O, 2020 və 2021-ci illərin göstəricilərini apardığı təhlillər əsasında ümumiləşdirib.
Bildirilib ki, 2021-ci ildə bölmə əməkdaşlarının 15 monoqrafiyası, 11 kitabı, 1 kitabçası, 2 metodik vəsaiti, 441 elmi məqaləsi, 182 konfrans materialı, 5 tezisi olmaqla 656 elmi əsəri çap olunub. Üç buklet, 3 xəritə tərtib edilib, 2 patent və 1 sənaye nümunəsi təsdiq olunub. Əsərlərdən 3 monoqrafiya, 75 məqalə, 77 konfrans materialı, 4 tezis, ümumilikdə 159 əsər xaricdə nəşr olunub. Məqalələrdən 46-sı impakt faktorlu jurnallarda çapdan çıxıb, bunlardan 17-si Clarivate Analytics (Thomson Reuters) indekslidir. Elmi məqalələrin 70-i xaricdə olmaqla 337-si beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb. Bölmə əməkdaşlarının 385 qəzet məqaləsi işıq üzü görüb. Bölmə əməkdaşlarının əsərlərinə 880 istinad qeydə alınıb.
“Elmi əsərlər” və “Axtarışlar” jurnallarının il ərzində dörd nömrəsi işıq üzü görüb. Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsi, “Elmi əsərlər” jurnalının Aşıq Ələsgərin 200 və Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileylərinə həsr olunan xüsusi nömrələri çap olunub.
2021-ci ildə AMEA Naxçıvan Bölməsində bir beynəlxalq səviyyəli, 2 respublika səviyyəli, 5 muxtar respublika səviyyəli, 13 bölmə səviyyəli elmi konfrans, 10 tədbir, Oxunması zəruri olan 5 kitabın müzakirəsi, 9 təqdimat keçirilib.
Hesabat dövründə doktorantura və dissertanturaya keçirilən qəbul nəticələrinə əsasən doktorantura və dissertanturaya qəbul olmuş 12 əməkdaşın mövzuları, rəhbər və məsləhətçiləri təsdiq edilib. Hazırda Bölmədə 13 nəfər doktorant, 43 nəfər dissertant müvafiq dissertasiyalar üzrə tədqiqatları davam etdirir.
Əməkdaşlardan 1 nəfər elmlər doktoru dissertasiya işini müvəfəqiyyətlə müdafiə edib, 1 nəfərin elmlər doktoru dissertasiya işi isə seminardan keçərək müdafiə buraxılıb, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 1 nəfərə elmlər doktoru elmi dərəcəsi, 2 nəfərə dosent elmi adı verilib. Bölmənin Dissertasiya Şurasında 7 nəfərin “Vətən tarixi” və “Arxeologiya” ixtisasları üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsi keçirilib.
Tədqiqatçı hesabat məruzəsində Naxçıvan Bölməsində davam edən layihələrin icra vəziyyəti ilə bağlı məlumat verib. Qeyd olunub ki, 2021-ci ildə AMEA Naxçıvan Bölməsi üzrə 2 beynəlxalq səviyyəli qrant layihənin icrası uğurla davam etdirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidentinin məktubunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə AMEA Naxçıvan Bölməsində YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına dair tədbirlər həyata keçirildiyini söyləyən məruzəçi bildirib ki, layihə çərçivəsində geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və ətraflı geoloji-geomorfoloji təsviri istiqamətində bir sıra işlər görülüb, 3189 kvadrat kilometr sahəni əhatə edən “İlandağ” geoparkının ərazisinin ümumi, geoloji, geomorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri tərtib edilib. Əlavə obyektlər üçün təsdiq edilmiş formada pasportlar hazırlanıb.
Tətbiqyönümlü işlərdən bəhs edən alim 2021-ci ildə bölmə əməkdaşlarının “ZK-4 tipli seolitn alınma üsulu”, “Bayanşirə süfrə” üzüm sortu adlı 2 patentinin və “At fiqurlu səki daşı” adlı 1 sənaye nümunəsinin təsdiq olunduğunu qeyd edib.
Diqqətə çatdırılıb ki, 7 noyabr 2020-ci il tarixdə keçirilən “Ailə təsərrüfatı məhsulları yarmarkası”nda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri məhsulların çeşidlərinin artırılması, çaytikanı yağı istehsalına xüsusi diqqət yetirilməsi və “Yaşıl aptek”də satışının təşkil edilməsi ilə bağlı tapşırığının icrasını təmin etmək üçün Biokimyəvi tədqiqatlar laboratoriyasının Aşağı Əylis kəndində yerləşən ərazisində yeni çaytikanı tinglərinin əkini həyata keçirilib. 16 adda bitki qarışıqlarından dərman paketlərinin hazırlanması, Şorsu palçığının və quru qalığının istehsalı və satışı işi davam etdirilib. Bioresurslar İnstitutunda 120 litrə qədər gülab, çaytikatı yağı, alma sirkəsi, müxtəlif meyvə quruları, ərik, albalı kompotu və şirəsi, yemişan kompotu, tut, qoz, ərik, albalı, gilas, gül mürəbbələri, paketlənmiş zəfəran qurusu, Təbii Ehtiyatlar İnstitutunda propolis (bərəmum) istehsal edilib.
ABŞ, Fransa, Polşa, Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan kimi 20-dən artıq ölkənin elm, təhsil müəssisələri və mütəxəssisləri ilə sıx elmi əlaqələr davam etdirilib. 15 aprel 2021-ci ildə AMEA Naxçıvan Bölməsi Türk Tarix Qurumu Başqanlığı ilə elmi əməkdaşlığa dair müqavilə imzalanıb.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin AMEA Naxçıvan Böməsinə hamiliyə verilmiş 10 ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə Bölmənin elmi-tədqiqat müəssisələrində müvafiq layihələri çərçivəsində tədbirlər keçirilib. Bölmənin 45 elmi dərəcəli əməkdaşının 26 ümumtəhsil məktəbində 8 fənn üzrə tədris etdiyi nümunəvi dərslər davam edir. Bölmənin 7 elmi əməkdaşı 8 interaktiv dərs aparıb.
AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərindən 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək, fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib və uğurlu nəticələr əldə olunub, yekun tədbirdə bölmə əməkdaşları və şagirdlər sertifikatlarla təltif edilib. Layihə çərçivəsində 2021-2022-ci tədris ili üzrə elmi tədqiqat mövzuları müəyyənləşdirilərək təsdiq edilib.
Bölmədə baş verən yeniliklər müntəzəm olaraq www.ameanb.az elektron portalında yerləşdirilib, sayt xəbər və materiallarla zənginləşdirilib. Bölmənin Elektron kitabxanasında müxtəlif elm sahələrinə aid 78 kitabın elektron variantı hazırlanıb, bunlardan 38-i www.e-kitab.ameanb.nmr.az elektron portalına, 40-ı isə kitabxana daxili şəbəkədə yerləşdirilib.
2021-ci ildə Bölmənin 1 əməkdaşı Ölkə Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı, 2 əməkdaşı “Şərq qapısı” qəzetinin 100 illiyi ilə əlaqədar qəzetin Fəxri Fərmanına, 6 əməkdaşı plaket və yubiley hədiyyəsinə layiq görülüblər. Bir nəfər Azərbaycan Milli Elmlər Akademiyasının və Naxçıvan Dövlət Universitetinin, 2 nəfər Akademiyanın Naxçıvan Bölməsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2 nəfər tədqiqatçı 2 nüfuzlu elmi jurnalın redaksiya heyətinə üzv seçilib.
Bölmənin Rəyasət Heyətinin üzvlərindən akademik Tariyel Talıbov və AMEA-nın müxbir üzvü Tofiq Əliyev çıxış edərək hesabatın qəbul olunmasının təklif ediblər.
Sonda AMEA Naxçıvan Bölməsinin əməkdaşları - Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev və Bioresurslar İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər İbrahimov 2021-ci ildə elm sahəsindəki nailiyyətlərinə görə Bölmənin təsis etdiyi “İlin alimi” fəxri diplomu ilə təltif ediliblər.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib