AMEA Naxçıvan Bölməsi

Əbədiyaşar lider mövzusunda elmi konfrans keçirilib


10.12.2021 / 16:55Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsi və muxtar respublikanın ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü münasibətilə “Əbədiyaşar lider” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin həyatı və yorulmaz fəaliyyəti haqqında qısa məlumat verib. Bildirib ki, Heydər Əliyev parlaq zəkası, üstün idarəçilik qabiliyyəti, uzaqgörənlik və bir çox mühüm liderlik məziyyətləri ilə dünya siyasət tarixində seçilən dövlət xadimidir. Azərbaycana rəhbərliyinin hər iki dövrü, eləcə də fəaliyyətinin Moskva dövrü çoxsaylı irəliyə yönəlik addımların atılması ilə əlamətdardır.

Akademik söyləyib ki, Heydər Əliyev “Azərbaycan xalqının ümummili lideri” ali adını qazanan yeganə şəxsiyyətdir, çünki o, bütün həyatını ölkənin gələcək inkişafına, xalqın rifahına həsr etmişdir.

Dünya azərbaycanlılarının vahid ideologiya ətrafında birləşdirilməsi, Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan uzaqgörən addımlar dahi rəhbərin reallaşdırdığı tarixi xidmətlərin bir hissəsidir. Tarixən Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı və deportasiya siyasətinə ilk hüquqi qiymətin verilməsi də Heydər Əliyevin adı ilə bağlıdır.

Vurğulanıb ki, Heydər Əliyev siyasi kursu onun siyasi davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın illərdir qədəm qoyduğu inkişaf erası, 44 günlük Vətən müharibəsi nəticəsində hərb və siyasət meydanında qazanılan uğurlar həmin amalın müvəffəq davamıdır.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli konfransda “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir” mövzusunda məruzə edib.

Ulu öndərin fəaliyyətinin bütün dövrləri haqqında ətraflı məlumat verən məruzəçi bildirib ki, daim müstəqil Azərbaycan arzusu ilə yaşayan dahi rəhbər hələ sovet hakimiyyəti dönəmində həyata keçirdiyi işlərlə bu ali məqsədə xidmət etmişdir. O, ötən əsrin 90-cı illərində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını almaqla xalqımızı böyük bir bəladan xilas etdi. Ölkədə ictimаi-siyаsi sаbitliyi bərpа еtdikdən sоnrа müstəqil dövlət quruculuğunа bаşlаdı. Müstəqil Аzərbаycаn dövləti kоnsеpsiyаsını işləyib hаzırlаdı və оnu uğurlа həyаtа kеçirdi. 1994-cü ilin mаyındа аtəşkəs hаqqındа müqаvilənin imzаlаnması sayəsində yaradılan sаbitlik xarici investorların cəlb olunmasına şərait yaratdı. İlk iqtisadi uğurunu qazanan Аzərbаycаn qısа müddətdə Cənubi Qаfqаzdа iqtisаdi cəhətdən ən güclü dövlətə çеvrildi.

Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Ulu öndər Heydər Əliyev və Azərbaycan tairixi məsələləri” başlıqlı məruzəsində söyləyib ki, II Qarabağ müharibəsində qazanılan qələbə Azərbaycanın hərbi-siyasi qüdrəti ilə yanaşı, vətənpərvər oğulların döyüş meydanında göstərdikləri şücaətinin bəhrəsidir. Bu isə ulu öndərin hələ sovet dönəmindən həyata keçirdiyi milliləşmə siyasətinin, gələcək müstəqil Azərbaycan naminə məqsədyönlü fəaliyyətinin, Azərbaycan gəncliyinin tariximizə, soykökümüzə bağlılığının müvəffəq nəticəsidir.

Ümummilli lider tərəfindən elmə, elm adamlarına göstərilən diqqət və qayğıdan söz açan alim vurğulayıb ki, dövlətçilik tariximizin dərindən öyrənilməsi, tarixi abidələrin tədqiqi və təbliği Heydər Əliyevin elm adamları qarşısında qoyduğu mühüm vəzifələrdəndir. Biz bu gün həmin məqsədyünlü fəaliyyətin uğurlu nəticələrinin canlı şahidiyik.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov konfransda “Ümummilli lider Heydər Əliyevin təhsil siyasəti”, “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva isə “Ulu öndər Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda məruzə ediblər.

Rektor Azad Novruzov çıxışında Heydər Əliyevin Azərbaycana rəhbərliyinin I və II dövrlərində təhsil sahəsində əldə olunan nailiyyətlər, aparılan islahatlarla bağlı məlumat verib. Müstəqilliyimizin bərpasından başlayaraq günümüzədək təhsil sahəsində əldə olunan statistik göstəriciləri təhlil edib, yaradılan sağlam təhsil mühitindən danışıb.

Ulu öndərin Azərbaycan ədəbiyatına, zəngin söz xəzinəmizə, ədəbiyyat nümayəndələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edən dosent Nurlana Əliyeva diqqətə çatdırıb ki, bir sıra yazıçı və şairlərin yubiley tədbirlərinin dövlət səviyyəsində qeyd olunması, görkəmli söz ustadlarına abidə və büstlərin ucaldılması, onların yaradıcılığının dünyada təbliği məqsədilə həyata keçirilən işlər Heydər Əliyev dühasının mədəniyyətimizə verdiyi dəyərin sadəcə bir hissəsidir.

Məruzəçilər çıxışlarında Heydər Əliyev amallarının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdıraraq yüksələn inkişaf strategiyasının vəd etdiyi gələcək uğurlardan söz açıblar.